AQC sədri beynəlxalq konfransda iştirak etdi

İQTİSADİYYAT
16:17 / 07.11.2024
268

Qırğızıstanın Bişkek şəhərində “Yaşıl iqtisadiyyat, idarəetmə, elm və təhsil: Rəqəmsal transformasiya və qloballaşma şəraitində davamlı inkişafın problemləri və gələcəyi” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc konfransda Azərbaycanda yaşıl iqtisadiyyata keçid və rəqəmsallaşma istiqamətində görülən işlər, yaşıl enerji istehsalında əldə edilən uğurlarla bağlı onlayn şəkildə çıxış edib.

Bu barədə HİT.az-a AQC-dən məlumat verilib.

Məlumata görə, Vüqar Oruc xüsusi vurğulayıb ki, Azərbaycanda dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də növbəti illərdə ölkənin sosial-iqtisadi inkişafına dair müəyyənləşdirilən beş Milli Prioritetdən biri Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi olmasıdır: “O, işğaldan azad edilən ərazilərimizin yaşıl enerji zonalarına çevrilməsi istiqamətində görülən genişmiqyaslı fəaliyyət barədə də tədbir iştirakçılarına məlumat verib. “İşğaldan azad olunan ərazilərimizin “yaşıl enerji” zonasına çevrilməsi üçün kompleks tədbirlər görülür, “smartcity” (“ağıllı şəhər”), “smart-village” (“ağıllı kənd”) konsepsiyası əsasında kəndlərin və şəhərlərin inşası həyata keçirilir, ərazidə yaradılacaq sənaye müəssisələrinin “yaşıl iqtisadiyyat”a töhfə verməsinə xüsusi diqqət yetirilir, günəş və külək enerjisindən istifadə imkanları araşdırılır”, – deyə Vüqar Oruc əlavə edib”.

Məlumatda qeyd edilir ki, AQC sədri Azərbaycanda rəqəmsal transformasiyaların tətbiqi istiqamətində də önəmli addımların atıldığını deyib: “Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri təkcə paytaxt Bakıda deyil, regionlarda da rəqəmsal savadlılığın artırılması, İKT üzrə bilik və bacarıqların inkişaf etdirilməsi istiqamətində layihələrin həyata keçirildiyini qeyd edib. O, son illər ölkəmizdə dövlət tərəfindən “rəqəmsal hökumət” konsepsiyasının tətbiq edildiyini, Azərbaycanda bir çox dövlət qurumlarının rəqəmsal xidmətlərə keçid etdiyini diqqətə çatdırıb. Çıxışının sonunda Vüqar Oruc bir neçə gündən sonra Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) keçiriləcəyini və belə bir tədbirin ölkəmizdə baş tutmasının Azərbaycanda yaşıl iqtisadiyyatın inkişafına, qlobal iqlim problemlərinin həllinə verilən önəmin göstəricisi olduğunu vurğulayıb. Qığızıstan, Qazaxıstan, Azərbaycan, Rusiya və Türkiyədən olan elm adamları, iqtisadçılar və rəsmi şəxslərin iştirak etdiyi tədbirdə yaşıl iqtisadiyyata və dayanıqlı enerji mənbələrinə keçid imkanları, təhsildə yaşıl inteqrasiya dövründə elmi-pedoqoji kadrların yetişdirilməsi, ətraf mühit faktorlarının insan kapitalının inkişafına təsiri və digər istiqamətlərdə çıxışlar səsləndirilib, maraqlı müzakirələr aparılıb”.

0