COP29 zolağı: Elektrik mühərrikli avtobusla mediatur

İQTİSADİYYAT
12:41 / 09.11.2024
302

Bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən mediatur təşkil olunub. 

Media qurumlarının nümayəndələrinin “Koroğlu” NMM–Heydər Əliyev Beynəlxalq Hava Limanı səfərində, Bakıya gətirilən elektrik mühərrikli avtobusdan istifadə edilib. 

Qeyd edək ki, paytaxtımıza AYNA-nın Monitorinq Mərkəzi vasitəsilə 24 saat ərzində izlənəcək, 160 ədəd elektrik mühərrikli avtobus gətirilib.

Jurnalistlərə, AYNA-nın COP29 konfransına hazırlığı və rolu, eləcə də tədbir zamanı yarana biləcək halların operativ həlli, səmərəli məlumat mübadiləsi məqsədilə fasiləsiz fəaliyyət göstərəcək Qərargahın yaradıldığı barədə məlumat verilib. 

Sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini rahatlaşdırmaq üçün daşıyıcılarla iş aparıldığı və xəttə tələbata uyğun sayda avtobusun cəlb olunması diqqətə çatdırılıb. 

COP29-la əlaqədar bir sıra müntəzəm avtobus marşrutlarının sxemində  dəyişikliklərin edildiyi, bu barədə ictimaiyyətin vaxtında məlumatlandırıldığı, həmçinin, önümüzdəki günlərdə marşrut xətlərində yenə müəyyən dəyişikliklərin olacağı və bu barədə məlumatın veriləcəyi qeyd edilib.  

Konfrans günlərində hava limanından metronun “28 May” və “Əhmədli” stansiyaları istiqamətində H1 və H2 nömrəli ictimai ekspress avtobusların sərnişinləri pulsuz daşıyacağı vurğulanıb.

Mediatur çərçivəsində, Heydər Əliyev Beynəlxalq Hava Limanında TX5 markalı yeni elektrik mühərrikli taksi nəqliyyat vasitələri ilə tanışlıq olub. 

Ümumilikdə, COP29 zamanı daşımalarda fasilənin yaranmaması üçün paytaxtın 26 küçə və prospektində – Neftçilər, Heydər Əliyev, Xocalı, Şah İsmayıl Xətai, Parlament, Bülbül və Azadlıq prospektləri, Zuğulba yolu, hava limanı, Zığ və Salyan şoseləri, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Həsənoğlu, Mikayıl Üseynov (Bayraq meydanı istiqamətində), Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Mikayıl Müşfiq, Həsən Əliyev və Fətəli Xan Xoyski küçələrində, xüsusi hərəkət zolaqları təşkil edilib. 

Həmin zolaqlara digər nəqliyyat vasitələrinin daxil olması qadağandır.

0