MTK-ların "pul bazarı": Niyə satdıqları binanı tərk etmirlər?

İQTİSADİYYAT
09:57 / 08.12.2024
276

Bakıda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən milyonlarla manat vergidən yayınan Mənzil-Kommunal Tikinti Kooperativləri (MTK) aşkarlanıb.

DVX tərəfindən bir sıra MTK-lara pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınması nəticələri haqqında AKT-a əsasən külli miqdarda maliyyə sanksiyası tətbiq olunub. 

Həmin MTK-lar barəsində səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində 216 7872.08 manat əlavə vergi, 108 3936.06 manat maliyyə sanksiyası hesablanıb. 

Sözügedən MTK-lar dəfələrlə vergilərdən yayındıqları üçün 20 min manatdan 600 min manatadək maliyyə sanksiyaları ilə də cəzalandırılıblar.

Qeyd edək ki, bu gün paytaxtdakı bir çox binalarda mənzillərin tikintisi başa çatıb təhvil verildikdən sonra MTK-lar həmin binaları tərk etmir. 

Müxtəlif xidmət növlərini əsas gətirərək sakinlərdən vəsait toplayırlar. Bu proses bina sakinləri tərəfindən etirazla qarşılansa da həmin vəziyyət davam edir. 

Ümumiyyətlə, MTK-ların mənzillər təhvil verildikdən sonra fəaliyyəti nədən ibarətdir və onların sakinlərdən vəsait toplamaq səlahiyyəti varmı? 

İqtisadçı-ekspert Əkrəm Həsənov "Cebheinfo.az"-a bildirib ki, MTK-lar bunu ona görə etmir ki, Azərbaycanda tikinti şirkətləri MTK kimi təsis olunur, ancaq onlar faktiki MTK deyillər:

"Qanuna görə, həmin binada mənzil almış hər bir şəxs Mənzil-Kommunal Tikinti Kooperativinin sahiblərindən birinə çevrilməlidir, yəni üzvü olmalıdır.

MTK sahibləri, üzvləri həmin binada mənzili olan şəxslərdir. Bu qanunda belədir, amma faktiki olaraq belə eləmirlər. Tikinti fəaliyyəti ilə məşğul olan şəxs MTK yaradır və ən azı 5 nəfər qohumlarından buraya daxil edir. Sonra mənzilləri satmağa başlayır.

Ancaq satılandan sonra mənzil sahiblərini o MTK-ya üzv etmir. Bunun özü qanun pozuntusudur. Təəssüf ki, vergi qurumları özü buna göz yumur. Çünki MTK-nın yeni üzvləri vergidən qeydiyyatdan keçməlidir. Niyə nəzarət etmirsiz? Problem buradan başlayır. Sonra da tikinti şirkəti binanı tikib qurtarır və buradan çıxmaq istəmir. 

Çünki MTK-nın sahibi o binaya öz müki kimi baxır. İstəyir ki, sakinlərdən də pul yığsın. Binanın ümumi mülkiyyətində olan əmlakını istifadəyə versinlər. Məsələn, avtodayanacaq, binadakı kabel televiziyaları, internet provayderlərinin yerləşməsi və s. daimi pul alır. 

Yəni öz mülki kimi istifadə edir, çıxmır, ona əlavə gəlir kimi baxır. Halbuki binanı tikib sakinlərə satdıqdan 1 ay ərzində çıxmalıdır. Son vaxtlar belə bir fənd işlədirlər. Guya çıxırlar, gedir Məhdud Məsuliyyətli Cəmiyyət yaradırlar.

Eyni şəxslərdən ibarət olur və guya binanı idarə edən budur. Bu da qanunsuzdur. Çünki qanuna görə, binanı mənzil mülkiyyətçiləri idarə etməlidirlər. Sadəcə, buna əlavə gəlir yeri kimi baxırlar. Təəssüf ki, buna müvafiq qurumlar reaksiya vermirlər".     

Azərbaycanda aşağı maaşla pul yığmaq mümkündür?

İnkişaf etmiş dünya ölkələrində insanlar aylıq qazanclarının müəyyən bir qismini fərdi sərmayəyə ayırırlar. 

Lakin ölkəmizdə fərdi sərmayəyə vəsait ayırmaq əksər hallarda mümkün olmur.  

Əsasən, belə vəziyyətin səbəbi əməkhaqqının az olması ilə əlaqələndirilir. 

Bəzi ekspertlər hesab edirlər ki, aylıq qazancın 10 %-ni uzun müddət üçün, 90 %-ni isə yaxın müddət üçün fərdi sərmayəyə ayırmaq lazımdır.

Maraqlıdır ki, pulu necə yığmaq olar?

Məsələ ilə bağlı iqtisadçı Akif Nəsirli "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, dünya ölkələrində bu məsələyə baxış Azərbaycanla müqayisədə tamamilə fərqlidir:

"İnkişaf etmiş dünya ölkələrində qazancının 70 %-dən çoxunu gündəlik tələbatına xərcləyənlər kasıb əhali qrupuna aiddir. Dövlət də həmin kasıblara yardım edir.

Yəni, inkişaf etmiş dünya ölkələrində bu, əsas prinsip kimi götürülür. 

Hökumətin nəzərdə tutduğu 30 % yığım da, əslində, ölkə iqtisadiyyatına gəlir gətirir. Vəsaitlərini yığıma yönəldən ölkələlərdə normal şəkildə qiymətli kağızlar bazarı var.

Vətəndaşlar yığdıqları vəsaiti arxayın şəkildə qiymətli kağızlara yatırır və oradan özü üçün divident qazanır. Məsələn, ABŞ-də koronavirus dönəmində bütün işlər, məktəblər bağlandığı üçün hökümət əhaliyə yardım etdi.

Həmin dövr ərzində əksər ölkələrdə qiymətli kağızlar bazarı çöksə də, ABŞ-də ən yüksək həddə inkişaf etməyə başladı. Çünki verilən yardımları koronavirusa görə əhali xərcləyə bilmirdi, buna görə də əhali vəsaiti qiymətli kağızlar bazarına yönəltdi. ABŞ-nin qiymətli kağızlar bazarı 2020-2022-ci illərdə yüksək sürətlə inkişaf etdi".

İqtisadçı qeyd edib ki, vətəndaşların gəlirlərini idarə edə bilməsi üçün “ailə büdcəsi” deyilən bir anlayış var:

"“Ailə büdcəsi”, gəlirlər və xərclər fiksasiya edilməlidir. Yəni, büdcə idarə edilməlidir və ailə də həmin büdcə planlamasından kənara çıxmamalıdır. Əgər planlama olarsa, nə qədər maaş alınsa da, 10-15 % yığıma yönəltmək olar.

Qeyd edim ki, Azərbaycanda əməkhaqqı aşağı səviyyədədir. Əsas səbəblər hökümətin iqtisadi idarəetməsindən qaynaqlanır. Biz bir vətəndaş olaraq bu problemi aradan qaldırmaq imkanında deyilik. 

Buna görə də necə deyərlər, " ayağımızı yorğanımıza görə uzatmaq üçün ayağımızın da, yorğanımızın da ölçüsün bilməliyik".  Əks halda yığım etmək mümkün deyil. Həm hökumət, həm də vətəndaş üzərinə düşən vəzifəni yerinə yetirsə, Azərbaycanda da əhalinin böyük əksəriyyətinin yığım fondu olar".

İqtisadçı Natiq Cəfərli isə deyib ki, bu məsələ uzun illərdir müzakirə predmetidir:

"Bu vəziyyət ölkədən-ölkəyə dəyişir. Qərb ölkələrində, xüsusilə Avropa ölkələrində insanlar kreditləşmə vasitəsilə yaşayırlar. Onlar pul yığmaqdan çox, aldıqları krediti ödəməklə məşğuldurlar. Bu, 25-30 ərzində formalaşmış praktikadır. 

Çünki həmin ölkələrdə kredit faizləri aşağıdır. Məsələn, uzun illərdir Şimalı Amerikada avtomobil kreditləri 1,5 %, mənzil və istehlak kreditləri 2 % olub. Belə aşağı faizlər olduqda insanlar da məmnuniyyətlə kreditləşmə vasitəsilə yaşamağa üstünlük verirlər.

Azərbaycanda da nisbətən bu vəziyyətə doğru gedilir. Ölkədə 3 milyon insanın kredit borcu var. Bizdə problem kredit faizlərinin yüksək olmasıdır".


 

0