Ekspert: "2024-cü il Azərbaycan turizmi üçün çox uğurlu oldu"

İQTİSADİYYAT
12:30 / 29.12.2024
267

"2024-cü ildə ötən illə müqayisədə Azərbaycana gələn turistlərin sayında artım oldu".

Bu sözləri turizm üzrə ekspert Ceyhun Aşurov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, cari ildə ölkəmizə turist axını 30 faizə yaxın artdı:

"Lakin bu, hələ də 2019-cu il səviyyəsində deyil. İndiyə kimi ölkəmizdə olan ən pik əcnəbi sayı məhz 2019-cu ildə qeydə alınıb. Konkret olaraq, həmin ildə 3,2 milyon turist ölkəmizi ziyarət etmişdi. Bu il isə böyük ehtimalla, 2,5 milyon əcnəbi ölkəmizə qonaq gəlib".

365082

Lakin ekspert qeyd edib ki, qarşıdakı illərdə 2019-cu ildəki rekordunun yenilənməsi gözlənilir:

"2025-2028-ci illərdə 4 milyona qədər turist qəbul edəcəyimiz proqnozlaşdırılır. Əlbəttə ki, qonşu ölkələrdə baş verən proseslər ümumi turizm bazarına təsir edir. Lakin ümid edirik ki, qarşıdakı illərdə daha sabit və sülh içində yaşanılan bir dövr gələcək. Elə olanda insanların xarici ölkələrə səyahətləri də artacaq. 

Bütün bunlara baxmayaraq, növbəti illərdə Azərbaycana gələn turist sayında davamlı şəkildə artım olacağı gözlənilir. Düşünürük ki, ölkəmizin turizm bazarında bu ciddi artımları müşahidə edəcəyik".

Ceyhun Aşurov vurğulayıb ki, 2024-cü il Azərbaycan turizm bazarı üçün uğurlu keçdi:

"Bu il əvvəlki illərə nisbətən daha çox turist qəbul etdik. Həmçinin, Azərbaycan cari ildə bir sıra böyük beynəlxalq tədbirlərə ev sahibliyi etdi. Ən böyük tədbir olan COP29-un öhdəsindən çox uğurla gəldik. Bütün tədbirlər və səfərlər isə Azərbaycanın dünyadakı nüfuzunun artmasına xidmət etdi. Bu da gələcəkdə ölkəmizin turizm bazarına öz töhfəsini verəcək". 

Pərviz

0