Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu ilin yanvar-noyabr ayları ərzində əmək müqavilələrinin sayı 75 min və ya 4 faiz artaraq 1 mln. 884 min 109-a çatıb.
Nəzərə alsaq ki, əmək müqavilələrinin 4 faiz artması həm də əhalinin real gəlirlərinin artmasının göstərici kimi qəbul etmək olar?
Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, Əmək müqavilələrinin artmasının səbəbi yeni iş yerlərinin açılmasıdır:
“Bu iş yerlərində işləyən işçilərlə isə əmək müqaviləsi imzalanır. Əmək müqavilələrinin artması zamanı insanlar pul qazanır, bu da onların real gəlirlərinin artmasına səbəb olur”.
İqtisadçı bildirib ki, əmək müqavilələri nə qədər çox artsa bir o qədər yaxşıdır:
“Çünki bu o deməkdir ki, həm yeni iş yerləri artır, həm də olan iş yerləri ilə bağlı şəffaflaşma baş verir. Bu da həm insanların həm də dövlətin xeyrinədir”.
“Bundan başqa nəzərə alsaq ki, orta aylıq əmək haqqı artsa da hazırda ölkədə inflyasiya da gedir. Ölkədə əmək müqavilələri və orta aylıq əmək haqqı artır. Bəs bu orta aylıq əmək haqqı real gəlirləri əks etdirirmi” sualına cavab olaraq iqtisadçı bildirib ki, əhalinin gəlirləri inflyasiyanı üstələyib:
“2024-cü ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artaraq 993,2 manat təşkil edib:
Bu isə 2024cü ilin yanvar iyul ayına uyğun göstəricilərə görə azdır. Belə ki, 2023-cü ilin həmin dövrü ilə müqayisədə yanvar-iyul aylarında muzdla çalışan işçilərin orta nominal əmək haqqı 1002.4 manat olub.
Əhalinin nominal gəlirləri isə yanvar-noyabr ayları ərzində 6.3 faiz artıb. Əhalinin hər nəfərinə düşən nominal gəlir isə 5.8 dəfə artıb. 11 aylıq orta inflyasiya isə 2 faiz olub. Bu baxımdan da əhalinin gəlirləri inflyasiyanı üstələyib”.