2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən su ehtiyatlarından səmərəli istifadə, fermerlərin suvarma suyu ilə təchizatı və suvarma sahələrinin genişləndirilməsi üçün növbəti ilin dövlət büdcəsindən 546 milyon manat ayrılacaq.
Görəsən, yarım milyard manatlıq vəsaitin nəticəsi nə olacaq?
Bu vəsait qeyd edilən sahədə nələri dəyişəcək?
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Hit.az-a şərhində bildirdi ki, elə bir dövrdə yaşayırıq ki, qlobal iqlim dəyişikliyinin fəsadlarının getdikcə daha çox hiss edilməyə başlayıb. Qlobal istiləşmənin fəsadlarından biri də su qıtlığının yaranmasıdır:
“Buzlaqlar əriyir, quraqlıq artır. Yaşadığımız coğrafiyada su rerursları azalır. Türkiyə, İran ərazilərində göllər quruyur. İranın qərbində yerləşən Urmu gölünün 90 faizi quruyub. Mütəxəssislərin fikrincə, böyük büdcəli bərpa layihələri həyata keçirilsə belə, bu gölü tam bərpa etmək mümkün olmayacaq. Türkiyə ərazisində 200-ə qədər göl quruyub. Su mənbələrinin quruması təkcə qlobal iqlim böhranı ilə bağlamaq düzgün olmaz. Antropoloji təsirlər də yox deyil. Son 20 ildə dünya əhalisi kəskin artıb. Əhalinin ərzaqla təminatı kənd təsərrüfatının genişlənməsini şərtləndirir. Yəni, içməli su ehtiyatının xeyli qismi suvarmaya gedir. Çox təəssüf ki, ölkəmizin kənd ğtəsərrüfatı sahəsində hələ də selləmə suvarma sitsemindən istifadə olunur. Bu cür suvarmada suyun ən azı 40 faizi itkiyə gedir, məhsulun kökünə çatmır. Son illər ölkəmizdə damcılı suvarma sisteminə keçidlə bağlı müəyyən addımlar atılıb. Kənd Təsərrüfatı Nazirliyi fermerlərə bu yöndə dəstək verir. Lakin damcılı suvarma sisteminin tətbiqi bahalı proses olduğundan bir çox fermer buna getmək istəmir. 1 hektar ərazidə damcılı suvarma sisteminin qurulması üçün təxminən 5-6 min manat pul xərclənməlidir. Fikrimcə, fermerlər arasında maarifləndirmə işlər genişləndirilməlidir ki, insanlar bu üsulun faydalılığına inansınlar”.
Ekspert hesab edir ki, bu il Azərbaycanda dövlət büdcəsindən su ehtiyatlarından səmərəli istifadə, fermerlərin suvarma suyu ilə təchizatı və suvarma sahələrinin genişləndirilməsi məqsədilə ayrılan vəsait qənaətbəxşdir. Sadəcə bu vəsaitdən səmərəli istifadə etmək lazımdır:
“Anlamaq lazımdır ki, bol su dövrü tarixdə qaldı. Azərbaycanın su ehtiyatları ilbəil azalacaq. Su ehtiyatları düzgün idarə olunarsa biz su qıtlığı yaşamayan ölkələrdən olacağıq. Azərbaycan atmosferdə karbon emissiyasının azaldılması üzrə öhdəliklər götürüb. Bərpa olunan enerji sektoru yaradılır, yaşıl nəqliyyata keçid istiqamətində mühüm addımlar atılıb. Hesab edirəm ki, suvarma sisteminin təkmilləşdirilməsi, tullantı sularının təkrar email istiqamətində nəhəng layihələrin həyata keçirilməsi lazımdır”.
Sevinc