2025-ci ildə nəqliyyat sahəsində hansı yeniliklərin olacağı gözlənilir?

İQTİSADİYYAT
10:15 / 07.01.2025
159

"2024-cü il Azərbaycan nəqliyyat sahəsi üçün əlamətdar oldu".

Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, ili bu sahədə də yaddaqalan hadisələrlə başa vurduq:

"Təbii ki, 2025-ci ildən də böyük gözləntilərimiz var. Nəqliyyat sahəsində keçən ildən qalan problemlərin həlli üçün atılan addımlar davam etdirilməlidir. İnfrastrukturla bağlı layihələrin də davam etdirilməsi gözlənilir. Xüsusilə "Bakı Metropoliteni"ndə yeni stansiyanın istifadəyə verilməsi 2025-ci ilin əsas gözləntilərdən biridir.  Həmçinin, yeni ildə bir çox stansiyanın platformalarında təmirlər aparılacaq".

365520

Ekspert avtobuslarla bağlı da gözləntilərin olduğunu vurğulayıb:

"Bu il müxtəlif yeni marşrut xətlərinin açılması və təzə avtobusların istismara verilməsi gözlənilir. Həmçinin, bəzi avtobusların yeni partiyalarının ölkəyə gətirilməsi də gündəmdədir. Xüsusən Bakı ətrafında yerləşən qəsəbələrin daimi və komfortlu avtobuslarla təmin edilməsi lazımdır".

Aslan Əsədov qeyd edib ki, 2025-ci ildə ölkəmizdə yeni avtomobil yolları da salınacaq:

"Bakı şəhərində müxtəlif istiqamətlərdə yeni avtomobil yollarının tikintisinə başlanılacaq. Eyni zamanda, bir çox yollarda da təmir işləri aparılacaq. İşğaldan azad edilmiş ərazilərdə də yeni yollar salınacaq. Həmçinin, Zəngəzur dəhlizi üzərindən keçəcək körpülərin də inşa edilməsi gözlənilir. Bundan başqa, 2025-ci ildə Azərbaycanda yeni yük terminallarının yenilənməsi nəzərdə tutulur". 

Mütəxəssis fikirlərini belə yekunlaşdırıb:

"Bu il Laçında da hava limanının istismara verilməsi gözlənilir. Bundan başqa, işğaldan azad olunan ərazilərimizdə yeni dəmiryolları salına bilər. Bölgələr üzrə yeni sürət qatarları fəaliyyətə başlayacaq. Həmçinin, Muğanlı-İsmayıllı üzərində yeni yol istismara veriləcək.

İl ərzində Bakıda və bir çox bölgədə yolüstü piyada keçidləri də tikiləcək. Yəni gözləntilərimiz çoxdur. Düşünürəm ki, bu il də nəqliyyat sahəsində ən yaddaqalan illərdən biri olacaq". 

Pərviz

0