Son zamanlar bir çox insan geyim mağazalarındakı qiymətlərin yüksək olmasından şikayətlənir.
Bununla bağlı sosial şəbəkələrdə çoxlu yazılar, şikayətlər yer alır.
İstifadəçilər Avropa ölkəsi ilə müqayisə edərək, eyni markanın bizim mağazalarda daha baha olduğunu qeyd edirlər.
Maraqlıdır, geyimlərimiz niyə bahadır?
Bu barədə Hit.az-a danışan satış təmsilçisi Aygün Heybətova deyib ki, bizdəki geyimlərin xarici ölkələrlə müqayisədə bahalı olmasının bir neçə səbəbi var:
“Bu, iqtisadiyyat, ticarət, istehsal və vergi siyasəti kimi bir çox amillərlə bağlıdır. Əgər geyimlər xarici ölkələrdən idxal edilirsə, onlar gömrük rüsumları və vergilərinə tabe olur. İdxal vergiləri, məhsulun qiymətini artıraraq daha bahalı edir. Əgər yerli istehsal güclü deyilsə və çox sayda geyim xaricdən gətirilirsə, bu əlavə xərclər yerli bazarda qiymət artımına səbəb olur. Xaricdən geyim gətirildikdə, bu məhsulların daşınması və nəqliyyatı üçün əlavə xərclər tələb olunur. Göndərmə, logistika və digər əlaqəli xərclər, geyimin qiymətini artıran faktorlardandır.
Dövlətin vergi siyasəti və iqtisadi tənzimləmələri də qiymətləri təsir edə bilər. Əgər vergi dərəcələri yüksəkdirsə və ya bəzi idxal məhsullarına əlavə vergilər tətbiq olunursa, bu, yerli bazarda qiymət artımına yol açar. Həmçinin, inflyasiya və pul vahidinin dəyəri də yerli qiymətlərin xaricə nisbətən baha olmasına səbəb ola bilər. Geyimlərin satış qiyməti təkcə istehsal qiymətindən deyil, həm də təchizat zəncirindən asılıdır. Bir çox halda, geyimlərin yerli mağazalarda satış qiymətinə çatması üçün çoxlu aralıq mərhələlərindən keçməsi lazımdır. Hər bir mərhələ öz gəlirini tələb edir, bu da qiymətə təsir edir”.
Murad