Ölkəmizin maliyyə siyasətinə rəhbərlik edən NAZİRLƏR

İQTİSADİYYAT
18:27 / 11.01.2025
52

Maliyyə Nazirliyi Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 09 fevral tarixli 48 nömrəi Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.

Nazirlik Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlanması və həyata keçirilməsi, dövlət maliyyəsinin idarə olunmasının təşkil edilməsi, dövlət və icmal büdcələrin layihələrinin hazırlanması, dövlət büdcəsinin icrasının təmin edilməsi, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsini həyata keçirir.

Modern.az xatırladır ki, 28 may 1918-ci ildən bu günə qədər müxtəlif şəxslər Azərbaycanda  maliyyə siyasətinin həyata keçirilməsinə cavabdehlik daşıyıb.

Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə nazirləri (1918-1920)
 
Azərbaycan Xalq Cümhuriyyəti dövründə maliyyə nazirlərinin fəaliyyəti qısa olub.

İlk maliyyə naziri Nəsib bəy Yusifbəyli olub. O, 28 may 1918-ci ildən 17 iyun 1918-ci ilədək bu vəzifəni icra edib.

Onu Əbdüləli bəy Əmircanov əvəz edib və o, 17 iyun 1918-ci ildən 6 oktyabr 1918-ci ilə qədər maliyyə naziri olub.

 Daha sonra Məmmədhəsən Hacınski 6 oktyabr 1918-ci ildən 7 dekabr 1918-ci ilədək bu vəzifəni yerinə yetirib.

1918-ci ilin dekabr ayında İvan Protasov maliyyə naziri təyin edilib və 26 dekabr 1918-ci ildən 14 mart 1919-cu ilədək bu vəzifəni icra edib.

14 mart 1919-cu ildən 22 dekabr 1919-cu ilədək Əliağa Həsənov maliyyə naziri olmuşdur.

Nəhayət, Rəşid xan Qaplanov 24 dekabr 1919-cu ildən 15 aprel 1920-ci ilədək bu vəzifəni icra edib.

Azərbaycan SSR xalq maliyyə komissarları (1920-1946)

1920-ci ildən sonra Azərbaycan Sovet Sosialist Respublikasının maliyyə komissarları təyin edilməyə başlanmışdır.

İlk maliyyə komissarı Nəsir Tağıyev olub və 1920-ci ildən 1922-ci ilədək bu vəzifəni icra edib.

Ardınca Tevadros Mirzəbekyan 1923-1924-cü illərdə, Mirzə Davud Hüseynov isə 1925-ci ildə bu vəzifədə çalışmışdır.

1926-cı ildə Əlisəttar İbrahimov, 1927-ci ildən 1930-cu ilə qədər isə Teymur Əliyev maliyyə komissarları olmuşlar.

Daha sonra 1931-ci ildən 1932-ci ilə qədər Əli Məhəmmədov, 1932-ci ildən 1935-ci ilə qədər isə Nadir İbrahimov bu vəzifəni yerinə yetiriblər.

1935-ci ildən 14 may 1936-cı ilə qədər İsrafil Atakişiyev, 1936-cı ildən 1937-ci ilə qədər Şahmar Tağıyev maliyyə komissarları olub.

1937-ci ildə Rixirev maliyyə komissarı təyin edilib, lakin onun fəaliyyəti çox qısa olmuşdur. Son olaraq, 5 may 1938-ci ildən 28 mart 1946-cı ilədək Mirabutalıb Səmədov Azərbaycan SSR maliyyə komissarı olub.

Azərbaycan SSR maliyyə nazirləri (1946-1991)

1946-cı ildən sonra Azərbaycan SSR-də maliyyə nazirliyi sisteminə keçilib.

İlk maliyyə naziri Mirabutalıb Səmədov olub. O, 28 mart 1946-cı ildən 26 sentyabr 1949-cu ilədək bu vəzifədə çalışıb.

 Daha sonra 26 sentyabr 1949-cu ildən 3 noyabr 1958-ci ilədək Rza Sadıqov, 3 noyabr 1958-ci ildən 25 dekabr 1969-cu ilədək isə Qurban Xəlilov maliyyə nazirləri olmuşdur.

20 avqust 1970-ci ildən 13 oktyabr 1987-ci ilədək Baxşəli Baxşəliyev, 13 oktyabr 1987-ci ildən isə 5 fevral 1991-ci ilədək Bədir Qarayev Azərbaycan SSR maliyyə nazirləri olmuşlar.

Azərbaycan Respublikasının maliyyə nazirləri (1991-ci ildən indiyədək)

Azərbaycanın müstəqillik qazandığı dövrdən etibarən maliyyə nazirlərinin təyinatı da dəyişib. İlk müstəqil Azərbaycanın maliyyə naziri Bədir Qarayev olub və o, 5 fevral 1991-ci ildən 5 oktyabr 1992-ci ilədək bu vəzifəni icra edib.

5 oktyabr 1992-ci ildən 9 dekabr 1993-ci ilədək Saleh Məmmədov, 28 iyun 1994-cü ildən 11 iyul  1999-ci ilə qədər isə Fikrət Yusifov maliyyə naziri olmuşdur.

11 iyul 1999-cu ildən 18 aprel 2006-cı ilədək isə Əvəz Ələkbərov bu vəzifəni yerinə yetirib.

18 aprel 2006-cı ildən 10 yanvar 2025-ci ilə qədər Samir Şərifov Azərbaycan Respublikasının maliyyə naziri olub.
 

0