Sənədsiz evlərin sənədləşdirilməsi yenə gündəmdədir. Bununla bağlı yeni qanun və təkliflər hazırlanır. Ekspertlər isə prosesin heç də asan olmayacağı qənaətindədirlər.
Sənədsiz evlər probleminin həlli ilə bağlı yeni təkliflər var. Hazırda bu istiqamətdə müvafiq qanun layihəsinin hazırlanması prosesi gedir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovun sözlərinə görə, pandemiya səbəbindən qeyri-qanuni tikililərin inventarlaşdırılması prosesi tam başa çatdırıla bilməyib: “İşçi qrupları qeyri-qanuni tikililərin qanuni çərçivəyə gətirilməsi ilə bağlı işlərini davam etdirir, lakin bu proses tikililərin dəqiq sayını müəyyənləşdirmək məqsədi daşımır. İnventarlaşdırma zamanı toplanmış ilkin məlumatlara əsasən, ölkə üzrə 400 minə yaxın qeyri-qanuni tikilinin olduğu qeyd edilir və hazırda bu rəqəm dəqiqləşdirilir”.
Müvafiq qanun layihəsi hazırlanır
R.Şahbazov əlavə edib ki, mühafizə zonalarına düşən tikililərlə bağlı vəziyyət daha fərqli yanaşma tələb edir: "Yüksək gərginlikli elektrik xətləri, qaz və su boruları, avtomobil yolları kimi ərazilərdə yerləşən tikililər xüsusi mühafizə zonalarına daxil edilir və fərqli normativlərlə tənzimlənir. Hər yaşayış məntəqəsi üçün spesifik şərtlər mövcuddur və bu sahələrdə yerləşən tikililərin hüquqi statusunun müəyyən edilməsi üçün xüsusi standartların təsdiq edilməsi üzərində işlər davam etdirilir. Vahid kadastr sistemi vasitəsilə müvafiq dövlət orqanlarının təqdim etdiyi məlumatlar əsasında hansı tikililərin mühafizə zonalarına düşdüyü müəyyən edilir. Hazırda bu istiqamətdə müvafiq qanun layihəsinin hazırlanması prosesi gedir”.
Yanvarın 1-dən "Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun da qüvvəyə minib. Bu qanunla kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız kənd təsərrüfatı məqsədli və müvəqqəti yaşayış təyinatlı tikililərin inşasına icazə veriləcək. Eyni zamanda, torpaq sahələrinin kateqoriyalarının dəyişdirilməsi ilə bağlı müraciətlər elektron qaydada "vahid pəncərə" prinsipi əsasında həyata keçiriləcək.
Bəs görəsən, yeni qaydalardan kimlər yararlana biləcək? 400 minə yaxın evin sənədləşdirilməsi prosesini hansı müddətə qədər başa çatdırmaq mümkün olacaq?
Proses asan olmayacaq
"Rieltorlar Assosiasiyası" İctimai Birliyinin sədri Elnur Azadov bildirib ki, qanunsuz tikililərin sənədləşdirilməsi prosesi asan olmayacaq. Çünki bu, kökü dərin olan bir problemdir: “Hazırda belə tikililərin sayı yarım milyondan çoxdur. Vətəndaşların əllərində ayrı-ayrı dövlət qurumları tərəfindən verilmiş sənədlər var. Güman edirəm ki, ilkin sənədləri olan əmlaklar üzərində mülkiyyət hüququnun tanınması çətin olmayacaq. Yaxın vaxtlarda bu istiqamətdə işlərə başlanılacaq və ilkin sənədi olanların mülkiyyət hüququ tanınacaq”.
Ekspertin fikrincə, heç bir sənədi olmayan tikililərin sənədləşdirilməsi məsələsi sual altındadır: “Bu evlərin leqallaşdırılması qəliz məsələdir, zaman aparacaq. Yaxın beş ildə prosesin həlli mümkün görünmür. Çünki həmin tikililər arasında gələcəkdə leqallaşdırılması mümkün olmayan daşınmaz əmlaklar var. Söhbət qırmızı zonada tikilən evlərdən gedir. Yeni qaydalardan həmin əmlak sahibləri yararlana bilməyəcəklər”.
Qarabağda şəhərsalma prosesi sürətlənəcək
Ekspert vurğulayıb ki, bu qaydalar işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin daha da sürətlənməsinə imkan yaradacaq: “Bir neçə müddətdir ki, böyük şəhərlərin baş planları hazırlanır. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərin də baş planları hazırlanır və təsdiq olunur. Bu ərazilərdəki torpaqların çoxu kənd təsərrüfatı təyinatlıdır. Onların dövlət tərəfindən tikinti və şəhərsalma qanunvericiliyinə uyğun olaraq təyinatlarının dəyişdirilməsi məsələsi baş tutmalıdır ki, həmin ərazilərin yaşayış məntəqələrinə çevrilməsinə qanun icazə versin. Yəni, 2025-ci ildən bu istiqamətdə qanunvericiliyin dəyişdirilməsində birinci məqsəd budur. Bunun fonunda ölkənin digər ərazilərində yaşayış məntəqələrinə çevrilmiş kənd təsərrüfatı təyinatlı torpaqların avtomatik olaraq təyinatının dəyişdirilməsi üçün müvafiq qurumlar tərəfindən normativ-hüquqi sənədlərin hazırlanması prosesi gedəcək. Bu, həmçinin sənədsiz evlərin sənədləşdirilməsi istiqamətində atılacaq növbəti addım olacaq”.
Fərdi müraciət xaotik vəziyyət yarada bilər
Ekspert hesab edir ki, sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı müraciət fərdi qaydada qəbul edilərsə, effekti olmayacaq: “Bununla bağlı xüsusi portalın yaradılması nəzərdə tutulur. Məqsəd prosesi asanlaşdırmaq, vətəndaş məmnuniyyətini artırmaqdır. Amma müraciətlər fərdi qaydada qəbul ediləcəksə, effekt verməyəcək. Məsələn, Bakı şəhərinin ətrafında salınmış qəsəbə tipli Şuşa şəhərciyində təxminən 2000-ə yaxın tikili var. Həmin qəsəbə kənd təsərrüfatı təyinatlı torpaqda salınıb. Vaxtilə bu torpaqlar bələdiyyənin balansında olubsa, sənədləşmə ilə bağlı müraciət də həmin qurum tərəfindən edilməlidir. İlkin olaraq bələdiyyələr tərəfindən bu torpaqların kadastr planları hazırlanmalıdır”.
Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə nəzarət artacaq
Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə deyib ki, bu ilin yanvarından qüvvəyə minən yeni qaydalar daha çox kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin təyinatı üzrə istifadəsinin optimallaşdırılması məqsədi daşıyır: “Deyək ki, bir vətəndaşın kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. Amma məqsədli istifadə növü əkinçilikdir. Yeni qanunla mülkiyyətçi Dövlət Xidmətinə elektron qaydada müraciət edərək tutaq ki, bağçılığı əkinçiliyə, əkinçiliyi bağçılığa dəyişdirəcək. Mülkiyyətçinin beş hektar və daha artıq kənd təsərrüfatı təyinatlı torpaq sahəsi varsa, həmin torpaq sahəsinin bir faizini keçməmək şərtilə yalnız kənd təsərrüfatı məqsədli və müvəqqəti yaşayış təyinatlı tikililərin inşasına icazə veriləcək”.
Onun sözlərinə görə, sənədsiz evlərin sənədləşdirilməsi yalnız yeni hazırlanan qanun layihəsindən sonra mümkün olacaq və müraciətlərin qəbulu elektron qaydada həyata keçiriləcək.
Real nəticələr yoxdur
bildirib ki, torpaqların təyinatlarının dəyişdirilərək yaşayış məntəqələri təyinatlı torpaqlara çevrilməsindən sonra onların üzərində tikilən evlərə çıxarışların verilməsi mümkün olacaq: “Bu günə kimi bu istiqamətdə müəyyən addımlar atılsa da, real nəticələr yoxdur. Ümid edirik ki, bu dəfə olacaq. Məsələnin yubanması vətəndaşlarla yanaşı, dövlət üçün də ziyandır. Dövlət bu sahədən əmlak və torpaq vergisindən gəlir götürə, sığorta şirkətləri bu tip əmlakları sığortalaya bilmir...”