Azərbaycana ən çox hansı fəsildə turist gəlir? - Ekspert AÇIQLADI

İQTİSADİYYAT
13:47 / 21.01.2025
61

"Azərbaycana gələn turistlərin sayında hər il artım müşahidə olunur".

Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib.

O, ölkəmizin daha çox hansı fəsildə turist qəbul etdiyindən danışıb:

"Azərbaycana gələn turistlərin sayı yay mövsümündə daha çox olur. Bu, son illərin statistikasında da özünü biruzə verir. Lakin qış mövsümündə də qar yağışı ilə əlaqədar olaraq dağlıq bölgələrə də turist axınını müşahidə edirik. Əsasən isti ölkələrdən gələn turistlər dağlıq ərazilərə daha çox maraq göstərirlər".

Ekspert qeyd edib ki, qarşıdakı illərdə digər fəsillərdə də turist cəlb etməyə nail olmalıyıq:

"Azərbaycanın coğrafi mövqeyi və ölkədəki siyasi sabitlik buna imkan yaradır. Nəzərə almaq lazımdır ki, bu gün dünyada baş verən müharibələr və iğtişaşlar turizmə çox mənfi şəkildə təsir edir. Azərbaycanda olan siyasi sabitlik isə turizim inkişafı üçün böyük şansdır. Xüsusilə, ölkəmiz Rusiya, Hindistan, Çin və ərəb dövlətləri üçün uyğun turizm zonasıdır".

Mütəxəssis onu da əlavə edib ki, işğaldan azad olunmuş ərazilərimizdə də turizmin inkişafına nail ola bilərik:

"İstər Qarabağ İqtisadi Rayonunda, istərsə də Şərqi Zəngəzurda turizmin inkişaf etdirilməsi üçün münbit potensial var. Məsələn, Kəlbəcər, Laçın, Zəngilan, Şuşada termal xarakterli suların olmasını nəzərə alaraq oralarda sanatoriyaların tikilməsini düşünə bilərik. 

Əgər bu istiqamətdə investisiyalar cəlb etsək Qarabağ və Şərqi Zəngəzurda turizmin inkişaf etməsində daha uğurlu ola bilərik. İşğaldan azad edilən ərazilərimizdə 4 hava limanının olması da həmin bölgələri gələcəkdə turistlər üçün cəlbedici edəcək". 

Pərviz

0