"Son günlər bizə olan müraciətlərin əksər hissəsi pensiyalardakı artım faizi ilə bağlıdır. Belə ki, gələn aydan pensiyaların neçə faiz artırılacağı hələ də daha çox soruşulan məsələlərdəndir. Bunun əsas səbəbi isə gələn aydan pensiya sistemində iki istiqamətdə artımların olması ilə bağlıdır".
HİT.az xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov "Facebook" hesabında paylaşım edib.
O bildirib ki, gələn aydan həm minimum pensiya artırılacaq, həm də əmək pensiyaları indeksləşdiriləcək:
"Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncama uyğun olaraq, minimum pensiya məbləği bu ilin fevral ayından 280 manatdan 320 manata çatdırılacaq. Bu o deməkdir ki, minimum pensiya alanlar artıq gələn aydan artırılmış məbləği alacaqlar. Yəni 14.3 faiz artım minimum pensiyalara tətbiq olunacaq. Əgər vətəndaşımız 280 manat, minimum pensiya alırsa, gələn aydan həmin məbləğ 14.3 faiz artırılacaq. Fevral ayından etibarən ölkədə ən aşağı pensiya 320 manat olacaq".
V.Bayramovun sözlərinə görə, əmək pensiyalarının indeksləşdirilməsi isə "Əmək Pensiyaları" haqqında Qanuna əsasən həyata keçirilir:
"Sözügedən qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə ölkə üzrə ortaaylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2024-cü ilin ilk 11 ayında ölkə üzrə ortaaylıq əməkhaqqı 8.0 faiz artaraq 996.8 manata çatıb. Bu isə o deməkdir ki, ölkə üzrə ötən ilin yekun əməkhaqqı artımının təxminən 8.0 faiz olacağı gözlənilir.
İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. "Əmək pensiyaları haqqında" qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq".
"Qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2024-cü il dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq. Belə ki, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğ artırılır.
Ümumiləşdirsək: minimum pensiya alanlarda artım 14.3 faiz, digər məbləğ əmək pensiyası alanlarda indeksləşdirmə ilə artım 8 faiz olacaq. Gələn aydan minimum pensiya 320 manat olduğu üçün aşağı pensiya alanlarda bu meyar nəzərə alınacaq", - deyə deputat qeyd edib.