Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsindən sonra dünyada bir çox dəyişikliklərin baş verməsi gözlənilir.
Bu ehtimallardan biri də Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Belə ki, Tramp seçki vədi olaraq sözügedən müharibəni dayandıracağını demişdi. Hakimiyyətə gəldikdən sonra da bu istiqamətdə addımlar atmağa başlayıb. Ekspertlər isə hesab edirlər ki, yaxın perspektivdə Rusiya-Ukrayna müharibəsi başa çata bilər.
Bəs bu müharibənin bitməsi rublun məzənnəsinə necə təsir edəcək?
Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlama verib. O bildirib ki, Rusiya-Ukrayna müharibəsinin hansı formada bitəcəyindən çox şey asılı olacaq:
"Müharibə bitsə belə Rusiyaya tətbiq olunan sanksiyalar ləğv olunacaqmı? Hətta müharibə bitmədən əvvəl sanksiyaların daha da kəskinləşməsi ehtimalı var. Yəni hər şey gedişatdan asılı olacaq. Rusiya-Ukrayna müharibəsi bitsə və sanksiyalar aradan qalxsa, rus rublu güclənə bilər. Lakin müharibənin aktiv fazası bitsə belə, sanksiyaların bu sürətlə aradan qalxacağını zənn etmirəm.
Ümumiyyətlə, rublun bahalaşıb-bahalaşmayacağı Rusiyaya tətbiq olunan sanksiyaların aqibətindən asılı olacaq. Nəzəri olaraq, müharibənin bitməsi və sanksiyaların aradan qalxması Rusiyanın iqtisadi vəziyyətini yaxşılaşdıracaq. Bu da rublun məzənnəsini gücləndirə bilər".
Ekspertin sözlərinə görə, müharibə bitsə də, rublun ucuzlaşmağa davam etməsi mümkündür:
"Bir fərqli ehtimalı da nəzərə almaq lazımdır. Rusiya-Ukrayna müharibəsinin bitməsi nəticəsində enerji qiymətləri kəskin düşə bilər. O zaman rus rublu yenə də ucuzlaşmağa davam edəcək".
Pərviz