Ölkənin turizm potensialını artırmaq üçün hansı sahələrin inteqrasiyasına ehtiyac var?

İQTİSADİYYAT
11:32 / 27.01.2025
137

"Turizm elə unikal sahədir ki, 10-dan çox sektoru özü ilə əlaqələndirir".

Bu sözləri turizm üzrə ekspert Ceyhun Aşurov Hit.az-a açıqlamasında deyib.

O, həmin sektorlardan danışıb:

"Buraya logistika, restoranlar, aeroportlar, taksi xidməti, sənətkarlıq, market və təchizat sistemi, eləcə də iqtisadiyyatın digər sahələrini aid etmək olar. Bütün bunlar zəncirvari şəkildə bir-birilə əlaqələnirlər. Əslində, turizm sahəsi digər sektorlarla inteqrasiya edir. Sadəcə olaraq turizmin inkişafı üçün bu sahələr arasındakı əlaqələri möhkəmləndirməliyik".

366654

Ekspertin sözlərinə görə, ölkəyə necə və hansı yolla daha çox turist gətirə biləcəyimizi düşünmək lazımdır:

"Bu gün ölkəmiz dünya səviyyəsində tanınan turizm məkanıdır. Azərbaycanda turizmlə bağlı strateji yol xəritəsi hazırlanıb və bununla bağlı ciddi işlər gedir. Artıq dünyada Azərbaycan deyiləndə, hər kəsin ağlına Cənubi Qafqazın lider ölkəsi gəlir. Üstəlik, dünya ölkələri Azərbaycanı təhlükəsiz, maraqlı və böyük tədbirlərə ev sahibliyi edən turizm məkanı kimi də tanıyır. Əlbəttə ki, bu da çox yaxşı haldır. 

Sadəcə olaraq ölkəmizə daha çox turist cəlb etmək üçün bir qədər də effektiv işləməliyik. Dəmir yolları, logistika və hava limanının səmərəli işləməsi, habelə viza məsələlərinin asanlaşdırılması olduqca vacibdir".

Ceyhun Aşurov qeyd edib ki, turizm sahəsində çox liberal addımlar atılmalıdır:

"Hədəf bazarlar müəyyən olunduqdan sonra birbaşa hava əlaqələrinin qurulmasına və Bakıdan kənarda fəaliyyət göstərən hava limanlarımızın səmərəli işləməsinə ehtiyac var. Azərbaycanda bugünkü gündə otel, restoran, məhsul qiymətləri, eləcə də səfalı yerləri və təbiətinə görə kifayət qədər cəlbedici ölkədir. 

Lakin ölkəmizə gəlməklə bağlı yaranan bariyer olan viza məsələsi daha da asanlaşmalıdır. Daha çox ölkədən Azərbaycana vizasız və ya asan onlayn viza ilə gəlmək olmalıdır. 

Bu problemlər aradan qalxdıqdan sonra turistlərin daha əlverişli qiymətlərlə ölkəmizə gəlməsini təmin etməliyik. Bunlar olduqdan sonra iqtisadiyyatın digər sahələri də müvafiq olaraq inkişaf edəcək. Çünki turist sadəcə oteldə və ya restoranda pul xərclənmir, həm də istehlak yaradır, nələrsə satın alır. Bu isə iqtisadi aktivliyə səbəb olur". 

Pərviz

0