Növbəti 5 ildə Bakıda, eləcə də ətraf kənd və qəsəbələrdə tıxac əhəmiyyətli dərəcədə azaldılacaq. Bu məsələni özündə əks etdirən və dünən təsdiq edilən dövlət proqramında ən çox tıxac yaşanan yollar və ərazilər müəyyən edilib, həll yolları göstərilib. Başqa sözlə, 2030-cu ilə qədər Bakının nəqliyyat infrastrukturu tam yenilənəcək.
Xezerxeber.az-ın məlumatına görə, Bakıda, şəhər mərkəzində ən önəmli layihələrdən biri Yusif Səfərov küçəsi və Babək prospektinin kəsişməsində yol ötürücülərinin tikinsi olacaq. Başqa sözlə, butulka effekti aradan qaldırılacaq.
Sabunçudan birbaşa Sulutəpə qəsəbəsini birləşdirən dairəvi avomobil yolunun tikilməsi də planlar arasındadır.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, yeni yol həm Ziya Bünyadov prospektinin, həm də şəhər mərkəzinin yükünü əhəmiyyətli dərəcədə azalda bilər.
Bakı dairəvi-1 avtomobil yolu ilə Ziya Bünyadov prospekti də əlaqələndiriləcək. Bu isə 20 yanvar dairəsinin yükünü azaldacaq və dairədə ciddi dəyşiklik baş verəcək.
Bakının şimal girişinin tıxaclarına indiyə qədər çarə tapılmır. Ancaq yeni proqramda burada tıxacın həlli üçün bir neçə vacib layihənin icrası həyata keçiriləcək. Bilgəh-Novxanı-Xırdalan yolu Bakı Sumqayıt və Şamaxı yoluna birləşəcək. Həmçinin Bakı-Şamaxı-Yevlax yolunu Xırdalan şəhərinin mərkəzi ilə birləşdirmək üçün müxtəlif səviyyəli yol ötürücüsünün tikintisi və istismara verilməsi nəzərdə tutulur. Bundan başqa, Bakı-Şamaxı-Yevlax yolu Bakı-Quba yolunda "vaz dairəsi" kimi tanınan ərazidən başlayaraq, Xırdalan şəhərinin Həsən Əliyev küçəsi vasitəsilə əlaqələndiriləcək.
Ekspert Ərşad Hüseynov deyir ki, şəhər daxilində isə digər iri bir layihə 4 prospektin birləşdirilməsidir.
Yol infrastrukturu ilə yanaşı, metro da inkişaf etdiriləcək. 10 yeni stansiyanın tikintisi ilə bərabər yeni vaqonlar alınacaq. Bundan başqa, paytaxtdaxili və ətraf ərazilərlə əlaqəli dərmiryolu xətlərinin bərpa edilməsi və qatarların alınması nəzərdə tutulub.