Azərbaycanda aztəminatlı vətəndaşların mənzil sahibi olması həmişə çətin olub. Lakin Milli Məclisdə Mənzil Məcəlləsinə edilən son dəyişikliklər bu problemi həll etməyə yönəlib.
BAKU.WS-in məlumatına görə, yenilənmiş qanuna əsasən, həm dövlətin, həm də bələdiyyələrin balansında olan sosial mənzil fondu hesabına aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan şəxslərə yaşayış sahələri sosial kirayə müqaviləsi ilə təqdim ediləcək.
Vətəndaşlar yaşadıqları ərazinin yerli icra hakimiyyəti orqanlarına və ya bələdiyyələrə müraciət edərək sosial mənzil üçün qeydiyyata düşə bilərlər. Ancaq nəzərə almaq lazımdır ki, bu imkan yalnız bir dəfə təqdim ediləcək və təkrar müraciət mümkün olmayacaq.
Sosial Mənzil Fondu əsasən icra hakimiyyəti orqanlarının sərəncamında olur və onların balansında olan müvafiq əmlak bu məqsədlə istifadə edilir. Bu qanun dəyişikliyi aztəminatlı şəxslərin sosial müdafiəsini gücləndirərək onların heç bir ödəniş etmədən və aylıq kirayə haqqı ödəmədən ev sahibi olmasına imkan yaradacaq.
Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etdik və vətəndaşların nə vaxt bu müraciətləri edə biləcəyini dəqiqləşdirdik. Qurumun İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, sözügedən məsələ qanun layihəsi kimi təklif olunub, lakin hələ müzakirə mərhələsindədir, təsdiq edilməmişdir.