Xərcləyirik, sonra ödəyə bilmirik

İQTİSADİYYAT
19:51 / 08.02.2025
46

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi yeddi milyard 890 milyon manat təşkil edib. Bu göstəricinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 40.7 faiz və ya 2 milyard 282 milyon manat artıb. Ölkəmizdə kredit kartlarının sayının, həmçinin onlar vasitəsilə xərcləmələrin həcminin sürətlə artması hansısa risklər yaradırmı? Qonşu ölkələrdə vaxtilə yaşanan problemlərin bizdə də təkrarlanmsı təhlükəsi varmı?

Maliyyə və bank məsələləri üzrə ekspert Elman Sadıqovun sözlərinə görə, insanları kredit kartlarına yönəldən səbəblər var: “Artımın səbəblərindən biri bonus və hissəli ödəniş imkanlarının genişlənməsi, həmçinin populyarlaşmasıdır. Hissəli ödədikdə məbləğ insanların gözünə böyük görünmür, hansı ki, bu da əməliyyatları artıran səbəblərdəndir. Post-terminallar da artır, kartdan-karta ödənişlərlə bağlı görülən işlər də təsir edir. Həmçinin ölkəmizdə də onlayn satış platformaları yaradılır və sayları artır. Kommunal xidmətlərin də artıq asanlıqla kart vasitəsilə onlayn şəkildə ödənilə bilməsi mümkündür. Bu da kredit kartlarının daha çox istifadə olunmasına şərait yaradır. Dünya üzrə daha çox borclanmalar kredit kartları üzrədir”. Ekspertin fikrincə, kredit kartlarından istifadədə maksimum ehtiyatlı olmaq lazımdır: “Çünki vətəndaşlar kartla pul xərclədikləri zaman bunun fərqində olmurlar. Sonradan krediti ödəmək zamanı çətinlik çəkirlər. Bir neçə kredit kartından eyni anda xərcləmə edən insanlar da var”.

E.Sadıqovun fikrincə, bu amil makroiqtisadi cəhətdən riskli olmasa da, mikroiqtisadiyyatda müəyyən risklər daşıyır: “Əhalinin nominal gəlirləri ilə bu məbləği müqayisə etdikdə görürük ki, elə də böyük rəqəm deyil. Ümumdaxili məhsul fonunda da rəqəmlər qorxu doğurmur. Ümumi iqtisadiyyatı, borclanmanı nəzərə aldıqda, elə də risk olmadığını düşünə bilirik. Lakin bu, məsələyə böyük aspektdən baxdıqda əldə etdiyimiz nəticədir. Vətəndaş mövqeyindən baxdıqda isə məsələ dəyişir. Bu borc əhalinin müəyyən bir qrupunda toplandığı üçün təhlükəlidir. 40 faizlik artım müəyyən riskləri doğurur. Mikroiqtisadi baxımdan təhlil etdikdə borclanan əhalinin bir təbəqəsidir. Onların borc yükü ilə gəlirləri arasında hansı mütənasiblik var? Çünki adətən yüksək gəlirli insanlar kredit kartları ilə bağlı məsələyə daha ağıllı yanaşırlar. Onların borc yükləri əməkhaqlarının üç mislindən çox olmur”. 

Ekspert bildirdi ki, borclar yığıldıqca problemli kreditlərə çevrilir: “Amma bəzi insanlar kreditə həddən artıq meyillənirlər. Bir çoxlarının borc yükləri əməkhaqlarının hətta on mislinə bərabər olur. Buraya istehlak kreditləri, bank olmayan kredit təşkilatlarından alınan borclar, müxtəlif mağazalardan götürülən daxili kreditlər, həmçinin kredit kartları daxildir. Böhran baş verərsə, əhalinin böyük kütləsi ciddi problemlə üzləşəcək və borclarını ödəyə bilməyəcək. Sonra problemli kreditlər yaranır. İnsanlar ömürlərinin çox hissəsini bu yüklərdən qurtulmaq üçün xərcləyirlər. Bəzi hallarda hətta bu borclara görə dəyərli daşınmaz əmlaklarını itirirlər. Bu, həm banklar, həm də iqtisadiyyatımız üçün problem yaradar, sosial gərginliyi artırar”.  

Mütəxəssis Türkiyədə bu məsələ ilə bağlı yaranmış problemə də toxundu: “Qonşu ölkələrdə baş verənləri nəzərə alsaq, görərik ki, istehlak kreditləri türk məhsullarının istehsalını dəstəklədi. Bəlkə də kredit kartları olmasaydı, oradakı istehsal bu qədər inkişaf etməzdi. İstehsal artdıqca, ixrac da artdı. Yəni kredit kartları vasitəsilə iqtisadiyyata böyük töhfə verildi. Məhz bu nəzərə alındığı üçün kredit kartlarına görə yığılıb qalan borclar sonradan dövlət tərəfindən əfv edildi. İnflyasiya səbəbindən daha rahatlıqla ödənildi”. 

E.Sadıqovun sözlərinə görə, bizdə kreditlər Türkiyədən fərqli olaraq iqtisadiyyatımıza ciddi zərər vura bilər: “Bizim kimi ölkələr üçün Türkiyə təcrübəsi keçərli deyil. Çünki kredit kartları və istehlak kreditləri istehsala, iqtisadiyyatımıza o qədər də töhfə vermir. Əksinə, yaranan borc, risk ölkəmiz üçün əlavə yükdür. Bu vəsaitlər həyati vacib məhsullara deyil, lüksə, şəxsi məsələlərə sərf edilirsə, ölkəyə kapital gəlmir. Nəzərə almalıyıq ki, bu kreditlərin əksəriyyəti xaricdən məhsul idxal edilməsinə yönəlir”. 

Müsahibimiz risklərlə bağlı məsləhətlərini də verdi: “Bankın əsas vəzifəsi kredit verməkdir. Onlar kredit kartları ilə bunu daha da artırırlar. Burada əsas məsələ kreditlərin düzgün şəkildə verilməsidir. Banklar kredit verərkən tək öz portfellərini nəzərə almamalıdırlar. Makroiqtisadi göstəricilər, müştərinin riskləri diqqətdə saxlanılmalıdır. Kredit portfelinin yaxşı olması bir çox hallarda bankları arxayınlaşdırır. Daha çox qazanmağı düşünürlər, amma iqtisadi vəziyyətin hər an dəyişə biləcəyini nəzərə almırlar. Əhalinin hansı hissəsinin borcla yüklənməsi də nəzərə alınmalıdır. Kredit kartı borcu olanların digər borclarına da baxılmalıdır. Kredit kartından istifadə edənlərin neçə faizinin nə qədər borcunun olması, borcödəmə qabiliyyəti, aylıq gəlirləri, problemli müştəri olma ehtimalı və sair təhlil edilib nəzərə alınmalıdır. Əhaliyə də tövsiyə edərdim ki, kredit kartlarından səmərəli istifadə etsinlər. Lüzumsuz xərclərə yol verməsinlər”.  

Mənbə: "Kaspi" qəzeti

0