Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu il investisiya portfelində qızılın payını 25%-ə çatdırmağı planlaşdırır.
Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq ARDNF-dən bildirilib.
Qeyd edilib ki, cari il ərzində İnvestisiya Siyasətinə uyğun olaraq alınan qızılın həcmi il ərzində bazarda qızılın müvafiq tarixə olan qiymətindən asılı olacaq.
Fonddan bildirilib ki, qızıl uzunmüddətli dövrdə dəyərini qoruyub saxlayan etibarlı investisiya alətli hesab edilməklə yanaşı, inflyasiya riskinə də qarşı effektiv müdafiə mexanizmi olan aktiv növü hesab olunur:“Geosiyasi gərginliklər və qlobal bazarlardakı qeyri-sabitlik fonunda qızıl ehtiyatlarının artırılması xarici valyuta ehtiyatlarının şaxələndirilməsi ilə yanaşı, risklərin azaldılması baxımından strateji əhəmiyyətə malikdir. Qeyd edilməlidir ki, ümumilikdə 2024-cü il ərzində maliyyə bazarlarında qızıla investisiyalar 2023-cü il ilə müqayisədə 25% artaraq 1,180 ton təşkil edib ki, bu da son 4 ilin ən yüksək göstəricisi olub”.
Xatırladaq ki, ARDNF tərəfindən 2024-cü ilin sonuna alınan qızılın həcmi 146,6 ton təşkil edib ki, bu da bazarda müvafiq tarixə mövcud bazar qiymətinə əsasən portfelin 20,6%-ni təşkil edib.
Fondun müəyyən etdiyi investisiya siyasətinə əsasən qızıla maksimal yatırımlar investisiya portfelinin məcmu dəyərinin 25 faizi həcmində ola bilər. Başqa sözlə, Fond qızıl portfelini maksimal həddə çatdırmağı planlaşdırır.