Qarın yağması qış turizminə necə təsir göstərdi?

İQTİSADİYYAT
13:53 / 24.02.2025
65

"Son günlərdə ölkə ərazisinə yağan qar yağışı turizm sahəsinə müsbət təsir göstərdi".

Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, xüsusən də şimal bölgəmizə qarın intensiv yağması daxili turizmə müsbət təsir etdi:

"Nəticədə, həm Azərbaycana gələn əcnəbi turistlər, həm də yerli turistlər həftəsonunu daha çox regionlarda keçirməyə üstünlük verdilər. Həmçinin, bu il cənub bölgəsində də, daha dəqiq desək, Lerik, Lənkəran, Masallı istiqamətində kifayət qədər qar yağdı. Bu da turistlərin böyük marağına səbəb oldu". 

Mütəxəssis vurğulayıb ki, Şəki, Zaqatala, Qax, Balakən, eyni zamanda Quba, Qusar bölgəsinə də intensiv qar yağışı daxili turizmdə böyük canlanma yaratdı:

"Nəzərə almaq lazımdır ki, Azərbaycana gələn turistlər əsasən isti ölkələrdən gəlirlər. Son illərdə Hindistan və Pakistan istiqamətindən ölkəmizə daha çox turist gəlir. Hansı ki, həmin ölkələrdə hava həmişə isti və mülayim olur. Bu səbəbdən də belə isti ölkələrdən gələn turistlər şimal bölgələrimizə böyük maraq göstərirlər".

368243

Rəhman Quliyev qeyd edib ki, ölkəmizdə Şuşa, Xankəndi, Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı kimi yeni destanasiyalar da var:

"Hazırda müəyyən məhdudiyyətlər var. Təbii ki, həmin ərazilər minalardan tam təmizləndikdən sonra bu məhdudiyyət də aradan qalxacaq. Bu qərar yerli sakinlərin və turistlərin təhlükəsizliyi üçün verilib. 

Ümumiyyətlə, həmin ərazilər dağlıq oluğu üçün o istiqamətdə daha çox qar yağışı olur. Hətta oktyabrdan maya qədər qar yağır. Hesab edirəm ki, gələcəkdə də bu istiqamətdə intensiv qış turlarının təşkil olunması xarici turistlərin daha çox marağını çəkəcək". 

Pərviz

0