Mərkəzi bankların qızıl ehtiyatları artır - HESABAT

İQTİSADİYYAT
23:15 / 25.02.2025
58

Dünyanın aparıcı mərkəzi bankları qlobal iqtisadiyyatla bağlı qeyri-müəyyənliklər və artan geosiyasi gərginliklər səbəbindən qızıl ehtiyatlarını artırıblar.
Buna görə də qızılın ümumi ehtiyatlardakı payı artmaqda davam edir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ümumdünya Qızıl Şurasının (WGC) "2024 Qızıl Tələb Trendləri" hesabatında qeyd edilib.

Mərkəzi bankların qızıl ilə bağlı siyasəti

Mərkəzi bankların qızıla tələbi orta və uzunmüddətli dövrdə artmağa davam edir.

Qızıl tələbi inflyasiya ilə bağlı narahatlıqlar, davam edən geosiyasi və iqtisadi qeyri-müəyyənliklər, həmçinin mərkəzi banklar və özəl investorların marağı ilə ötən il rekord səviyyələrə çatıb.

Mərkəzi banklar 2024-cü ildə yüksək alış strategiyalarını davam etdirərək, ardıcıl üçüncü dəfə 1000 tondan çox qızıl alıblar. 2023-cü ildə cəmi 1051 ton qızıl alan mərkəzi banklar, ötən il ehtiyatlarına 1045 ton qızıl əlavə ediblər.

Bankların alışları qızılın qiymət artımının əsas səbəblərindən biri olub. Mərkəzi bankların qızıl alışının artması iqtisadi risklər və geosiyasi gərginlik ilə bağlıdır.

Dünya Bankı mərkəzi banklara ehtiyatlarında 22 faizədək qızıl saxlamağı tövsiyə etsə də, bəzi bankların portfellərində bu rəqəmi xeyli üstələyən qızıl ehtiyatlarının olması diqqət çəkir. Şuranın sorğusuna əsasən, mərkəzi bankların bu tendensiyası bu il də davam edəcək. Sorğuya qatılan bankların 69%-i inflyasiya və geosiyasi risklər səbəbilə yaxın 5 ildə portfellərində qızıl nisbətini artırmaq istədiklərini açıqlayıblar.

Ən çox qızıl alan ölkə

Ötən il 90 tonla ölkə tarixində ən yüksək illik qızıl alışını edən Polşa dünyada ən çox qızıl alan ölkə olub. Polşa Milli Bankı öz portfelindəki qiymətli metalın payını demək olar ki, 17 faizə çatdırıb. Bu ölkəni 75 tonla Türkiyə izləyib. 2024-cü ilin sonuna olan məlumata görə, Türkiyənin 615 ton qızıl ehtiyatı olub. Bu, ölkənin xarici ehtiyatlarının 36 faizini təşkil edir.

Dünyada iqtisadi və geosiyasi risklər artdıqca, investorlar və banklar “təhlükəsiz sığınacaq” olan qızıla üz tutur.

2024-cü ilin dekabrına olan məlumata görə, dünya üzrə mərkəzi bankların cəmi 37 775 ton qızıl ehtiyatı var. Hesabata əsasən, ötən ilin sonuna qədər ümumilikdə 216 265 ton qızıl hasil edilib. Bu qızılın 97 min 149 tonu qızıl-zinət əşyası kimi istifadə olunub. Mərkəzi banklar çıxarılan qızılın təxminən 17 faizini saxlayır.

Ən böyük qızıl ehtiyatına malik ölkələr

Ən böyük qızıl ehtiyatına malik ölkə olan ABŞ-də təxminən 8133,5 ton qızıl var. ABŞ-nin qızıl ehtiyatları onun ümumi xarici ehtiyatlarının 75 faizini təşkil edir. Ölkənin qızıl ehtiyatlarının balans dəyəri bir unsiya üçün 42,22 dollar təşkil edir.

Almaniya təxminən 3351,5 ton qızıl ehtiyatı ilə ikinci yerdədir ki, bu da onun xarici ehtiyatlarının 74 faizini təşkil edir. BVF 2814 ton qızıl ehtiyatı ilə üçüncü, İtaliya 2451,8 tonla dördüncü, Fransa 2437 tonla beşinci yerdədir.

Ukrayna ilə müharibə vəziyyətində olan Rusiyanın 2335,9 ton qızılı var. Rusiyanın qızıl ehtiyatları onun ümumi xarici ehtiyatlarının 32 faizini təşkil edir.

Dünyanın ən böyük qızıl istehsalçısı olan Çin, təxminən 2279,6 ton qızıla sahib olmaqla yeddinci yerdədir. Çin mərkəzi bankının ABŞ ilə artan ticarət və Tayvan gərginliyi səbəbindən qızıl almağa davam edəcəyi bildirilir. Maraqlıdır ki, ötən il 44 ton qızıl alan Çin Mərkəzi Bankı yanvarda portfelinə təxminən 5 ton əlavə edib.

İsveçrə 1039,9 ton qızılla səkkizinci, Hindistan 876,2 tonla doqquzuncu, 846 ton qızılla Yaponiya onuncu yerdədir. Türkiyə 615 tonla bu reytinqdə 11-ci yerdədir.

0