Azərbaycanda siqaret niyə bahalaşıb?

İQTİSADİYYAT
19:46 / 03.03.2025
66

Azərbaycanda bəzi siqaret markaları bugündən 20 qəpik bahalaşıb.

Məlumata görə, "LD", "Winston", və "Sobranie" (bir neçə çeşidinin) qiyməti 0,20 manat artıb. "Kent" markalı siqaretlərin də bahalaşacağı gözlənilir.

Modern.az siqaretin bahalaşaması ilə əlaqədar iqtisadçı ekspertlərlə həmsöhbət olub.

Rüfət Quliyev bildirib ki, siqaret qiymətləri dünyada hər yerdə bahalaşır:

“Belə baxanda bu, zəruri addımdır. Açıq desək, siqaretin çəkilməsinin qarşısının alınması üçün mübarizə aparılır. Burada bir məsələ var. Lakin yaxşı olardı ki, bu istiqamətdən büdcəyə gedən artım aksiz vergisi və digər vergilərin bir hissəsi Səhiyyə Nazirliyində siqareti tərgidə bilməyən insanlara kömək üçün istifadə edilsin".

Natiq Cəfərli isə siqaretin bahalaşmasının aksiz qiymətləri ilə bağlı olduğunu qeyd edib.

"Dövlət tərəfindən vergilər və ya aksiz markaları artılanda siqaret də bahalaşır. Hansı sahələrdə dövlət müdaxiləsi olacaqsa, vergi və aksiz daxilolmaları ilə qiymət artımları müşahidə oluna bilər. Mövsümi məhsulların qiymətində də ən azından may ayına qədər  nəzərəçarpacaq artım müşahidə edəcəyik", - o bildirib.

0