"Azərbaycanda 2018-ci ildən etibarən "Şəhərdənkənar" layihəsi çərçivəsində müxtəlif bölgələrdə kənd turizmini inkişaf etdirmək üçün addımlar atılıb".
Bu sözləri turizm üzrə ekspert Həmid Cahedi Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, həmin addımlar nəticəsində bəzi bölgələr müəyyən qədər inkişafa doğru gedib, bəziləri isə inkişaf edib:
"Artıq bir çox bölgəmizdə turistlərə xidmət verilir. Azərbaycanda kənd təsərrüfatı çox inkişaf edib. Bu cəhətdən ən başda olan bölgə cənub zonasıdır. Daha dəqiq desək, Lənkəran, Lerik, Astara və Masallını buna misal göstərmək olar. Sözügedən ərazilərdə turizmin inkişaf etməsinin bir səbəbi də budur".
Ekspert kənd təsərrüfatı inkişaf edən digər bölgələrimizdən də söz açıb:
"Həmçinin, şimal zonasında Quba və Qusarda kənd təsərrüfatı ilə məşğul olanların sayı artıb. Bu da həmin yerlərə turist axınını artırır. Bundan başqa, Şamaxı, İsmayıllı, Qəbələ və Şəki bölgəsində də kənd turizminin inkişaf etdiyini demək mümkündür".
Həmid Cahedi vurğulayıb ki, həm yerli, həm də xarici turistlər qəbul edən yerlərimiz var:
"Qərb zonasından isə Gəncə, Göygöl və Tovuzu bu baxımdan nümunə göstərmək olar. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasında da kənd təsərrüfatının inkişafı ilə bağlı addımlar atılıb. Artıq orada da bu sahə müəyyən qədər inkişaf etməyə doğru gedir. Mərkəzi Aran rayonlarından da Sabirabadda kənd təsərrüfatı və turizmi inkişaf edir. Orada da bu istiqamətdə işlər görülür".
Pərviz