"Ənənəvi olaraq bu il də Novruz bayramında 10-12 günlük tətil günləri olacaq".
Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu tətil günlərində istər yerli, istərsə də Azərbaycana gələn əcnəbi turistlər bölgələrimizə üz tutacaqlar:
"Ümumiyyətlə, Novruz bayramı ilə əlaqədar olan tətil zamanı turistlərin əksəriyyəti bölgələrə getməyə üstünlük verirlər. Turistlər əsasən şimal bölgəsinə, Quba-Qusar istiqamətinə gedirlər. Eyni zamanda, sözügedən tətil günləri Şəki, Qax, Zaqatala, Balakən istiqamətinə də xeyli turist axın edir. Cənub bölgəsində isə Lənkəran, Lerik Masallı və Astara turist cəlb edir".
Ekspert qeyd edib ki, həmin günlərdə Novruz şənlikləri təşkil olunacaq:
"Əsasən, Lənkəran, Şəki və Quba istiqamətindəki otellərdə əyləncəli şou-proqramlar təşkil olunur. Milli rəqslər və Novruz bayramına aid digər adət-ənənələr sərgilənir. Xüsusilə, beş ulduzlu otellərdə, habelə regionlarda və rayonların mərkəzlərində konsert proqramları təşkil olunacaq. Əlbəttə ki, bütün bunlar həm yerli, həm əcnəbi turistlərin, həm də regionlarda yaşayan əhalinin marağına səbəb olacaq".
Rəhman Quliyev vurğulayıb ki, artıq yeni turizm destanasiyamız da mövcuddur:
"Turistlər Şuşa, Xankəndi, Laçın, Kəlbəcər və Zəngilan istiqamətinə də gedə bilərlər. Həmin bölgələrə gələcək illərdə daha çox turist axınının olacağı da gözlənilir. Bu da ora köçən sakinlər üçün də dəstək olacaq. Həmçinin, adıçəkilən bölgələrin turist qəbul etməsi Azərbaycanın daxili turizmi üçün də böyük töhfə verəcək".
Pərviz