Hər bayram ərəfəsində olduğu kimi yenə də marketlərdə və bazarlarda qiymətlərin artdığı müşahidə olunur.
Maraqlıdır ki, bayram öncəsi bahalaşmağa başlayan qiymətlər bayram günləri pik səviyyəyə qalxır. Lakin bayramdan sonra qiymətlərdə yenidən enmələr baş verir. Bu isə alıcıların narazılığına səbəb olur. Çünki bəzi işbazlar bayramları fürsətə çevirərək əllərindəki məhsulları dəyərindən artıq qiymətə satırlar.
Bəs bayram ərəfələrində bazarlarda, marketlərdə süni qiymət artımının qarşısını almaq üçün hansısa addımlar atıla bilər? Bununla bağlı olaraq bəzi ölkələrdə olduğu kimi monitorinqlər təşkil olunması mümkündür?
Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlama verib. Onun sözlərinə görə, bayram ərəfələrində marketlərdə və bazarlarda qiymətlər süni deyil, təbii şəkildə artır:
"Yəni bu, süni qiymət artımı deyil. Bazarda inhisarçı və ya hökmran mövqeyə malik subyektlərin formalaşdırdığı qiymət süni qiymət artımı sayılır. Daha dəqiq desək, bazarda əhəmiyyətli paya sahib oyunçuların razılaşaraq formalaşdırdığı süni qiymət artımı hesab olunar. Üstəlik, süni qiymət hər zaman baha qiymət demək deyil. Süni qiymət bazar mexanizmlərinin pozularaq formalaşdığı qiymətdir".
Onun fikrincə, bayram qabağı tələbatın artdığı üçün qiymətlərin bahalaşması normaldır:
"Həmçinin, bu dönəmdə otellər və əyləncə sektoruna da tələbat artdığı üçün orada da qiymətlər bahalaşır. Bu, normal bazar hadisəsidir. Hesab edirəm ki, sözügedən qiymət artımlarına qarşı hər hansısa mübarizə tədbirləri görmək qanuna da uyğun deyil.
Hansısa mağazalara qarşı qiymətlə bağlı inzibati tədbirlər görmək effekt verməz. Hətta bu, populist və səmərəsiz addım olar. Çünki tələbat artdığı zaman sahibkarın da ona müvafiq olaraq qiyməti yüksəltməsi normal yanaşmadır".
Pərviz