Son illər Azərbaycanda istehlak kreditlərinin davamlı olaraq artması müşahidə edilir. 2020-ci illə müqayisədə belə istehlak məqsədilə götürülən kreditlərin ümumi məbləği 3 dəfəyə yaxın artaraq bu ilin fevralında 8,5 milyard manata çatıb. Belə ki, 2020-ci ildə 14 milyard manatlıq ümumi kredit portfelinin 36 faizi və 25,7 faizi istehlak kreditlərinin payına düşürdü. Hazırda kreditlərin ümumi məbləği 5 ildə 2 dəfəyə qədər artaraq 27,5 milyard manata çatıb və bunun 8,5 milyard manatı istehlak kreditlərinin payına düşüb. Göründüyü kimi, istehlak kreditlərinin həm həcmi artıb, həm də ümumi kreditləşmədə payı.
İstehlak kreditlərinin artması iqtisadiyyatda müxtəlif dəyişikliklərə təsir edir və müsbət və mənfi təsirlər ortaya çıxmışdır. Bu tip kreditlər əhalinin şəxsi istehlak ehtiyaclarını ödəmək məqsədilə verilən maliyyə məhsullarından biridir. İstehlak kreditləri əsasən şəxsi maliyyə ehtiyaclarının qarşılanması, avtomobil alışı, təhsil və tibbi xidmətlər üçün istifadə olunur.
İstehlak kreditlərinin müsbət təsirləri
İstehlak kreditləri əhalinin alıcılıq qabiliyyətinin artıraraq istehlakçı tələbini stimullaşdırır. Kreditlər sayəsində insanlar böyük alqı-satqı əməliyyatlarını daha asanlıqla reallaşdıra bilirlər. Xüsusən avtomobil, məişət avadanlıqları və digər istehlak məhsullarının alqı-satqısını artırır. Tələbin artması, öz növbəsində, iqtisadiyyatda istehsalın və xidmət sektorunun inkişafına təkan verir. Kreditlər sayəsində müştərilər daha çox istehlak edir və istehsal müəssisələri daha çox mal və xidmət istehsal edir. Bu xüsusən daxili istehsalın artmasına, işsizliyin azalmasına və ümumi iqtisadi fəallığın yüksəlməsinə səbəb olur.
İstehlak kreditlərinin artması, bank sektorunun inkişafına da müsbət təsir göstərir. Banklar istehlak kreditləri ilə bağlı xidmətlərini genişləndirir, yeni məhsullar təqdim edir.
İstehlak kreditlərinin mənfi təsirləri
İstehlak kreditlərinin artması ilə bəzi insanlar ödəmə qabiliyyətlərini aşaraq borc yükü altına düşə bilir. Bu da banklar üçün kredit riskini artırır. Yüksək borc yükü ilə üzləşən istehlakçılar üçün şəxsi maliyyə vəziyyəti çətinləşir, bu da sosial və psixoloji problemlərə yol aça bilər.
İstehlak kreditlərinin artması cəmiyyətdə ümumi istehlak səviyyəsinin artmasına səbəb olur. Əgər bu artım təkliflə müqayisədə sürətlə gedərsə, inflyasiya riski yaranar. İnflyasiya artdıqda isə qiymətlər yüksəlir, əhalinin alıcılıq qabiliyyəti aşağı düşür.
Azərbaycanda istehlak məqsədilə götürülən kreditlər əksər hallarda idxalı stimullaşdırır. Belə ki, alınan avtomobillər, məişət texnikası və s. əsasən xaricdən gətirilir. Bu malların alınmasına sərf olunan pullar xaricə çıxır.
İstehlak kreditləri niyə artır?
İstehlak kreditlərinin artması əsasən iki amillə bağlıdır. İlk növbədə, əhalinin gəlirlərinin onların istehlak xərclərini tam ödəməməsi problemi mövcuddur. Bir çox ailənin gəliri gündəlik ehtiyaclarını ödəməyə yetərli olsa da, bahalı əşyaların alınması və ya xidmətlərin göstərilməsini təmin etmir. Bu da insanları daha çox kredit almağa yönəldir, çünki kreditlər qısa müddət ərzində mövcud olan ehtiyacları qarşılamağa imkan verir.
İkinci səbəb isə real sektordakı problemlər ucbatından bankların biznes kreditlərindən daha az riskli olan istehlak kreditlərinə yönəlməsidir. Bankların istehlak kreditlərinə olan marağının əsas səbəbi, bu kreditlərin daha yüksək faiz dərəcələri ilə verilməsi və gəlirin daha qısa müddətdə əldə edilməsi amilləridir. Biznes kreditləri adətən uzun müddətli olur və faiz dərəcələri daha aşağıdır, halbuki istehlak kreditləri daha yüksək faizlə verilir və banklar üçün daha sürətli gəlir əldə etməyə imkan verir.
İstehlak kreditlərinə tələbin artmasının digər bir səbəbi də bankların müştərilərə verdikləri maliyyə məhsullarının daha əlçatan olması ilə bağlıdır. Düzdür, gəlirlər artıbsa, niyə kreditə tələbat artır kimi suallar yarana bilər. Amma bir məsələ də var ki, gəlirlər artdıqca insanların daha böyük məbləğdə kredit almaq imkanları yaranır.
Əmək haqqı artır, kreditlər də artır
Son illərdə minimum əmək haqqının 250 manatdan 400 manata yüksəlməsi və orta aylıq əmək haqqının artması, bankların DTİ (Debt-to-Income) tələbinə cavab verməklə daha böyük miqdarda kredit satmaq imkanı yaradıb. DTİ əmsalı devalvasiyadan sonra bank sektorunda yaranan mühüm ehtiyat alətlərindən biridir. Bu əmsal borcalanın borc yükünün onun gəlirlərinə olan nisbətini göstərir və müştərinin aylıq kredit ödənişi gəlirinin 45 faizindən artıq olmamalıdır. Məsələn, əgər minimum əmək haqqı 250 manatdırsa, müştəri maksimum 112.5 manat məbləğində kredit ödənişi edə bilərdi. Ancaq gəlir 400 manata yüksələndə, bu məbləğ 180 manata qədər artaraq müştəriyə daha böyük məbləğdə kredit almağa imkan verir. Bu banklar üçün müştəriyə daha çox kredit təklif etmə imkanı yaradır və nəticədə istehlak kreditlərinin ümumi həcmi artmağa başlayır.
İstehlak kreditlərinin həcminin artmasına təsir edən digər bir amil ölkədə kredit kartlarından istifadənin genişlənməsidir. Son dövrlərdə nağdsız ödənişlərin stimullaşdırılması, bankların partnyorlarının sayının artırılması və müştərilərə faizsiz taksitlə (bərabər hissələrlə) ödəniş imkanı təqdim edilməsi kredit kartlarının istifadəsini artırıb. Kredit kartları istifadəçilərə müəyyən bir müddət ərzində faizin hesablanmadığı güzəşt müddəti təqdim etməklə onların maliyyə idarəçiliyini asanlaşdırır.
Digər bir vacib məqam isə əmək haqqı kartlarının sayının artmasıdır. 2020-ci illə müqayisədə ölkədə əmək haqqı kartlarının sayı təxminən 2 dəfə artaraq 19 milyona çatıb. Bu ölkədə rəsmi gəlir tələbinə cavab verməyən on minlərlə insanın bankların təklif etdiyi maliyyə məhsullarına daxil olmasına şərait yaradır. Rəsmi iş yerlərinin sayının artması və əmək haqqı kartlarının daha geniş şəkildə yayılması banklar üçün daha geniş müştəri bazası yaradır. Bu da bankların kredit məhsullarını daha çox müştəriyə təqdim etməsinə və nəticədə istehlak kreditlərinin həcminin artmasına səbəb olur.
Azərbaycan Banklar Assosiasiyasında istehlak kreditlərinə olan tələbin artmasını əsasən əhalinin gəlir səviyyəsinin yüksəlməsi ilə bağlı bildiriblər. Qurumu təmsil edənlər hesab edirlər ki, bir müddət sonra istehlak kreditlərinin artması real sektorda canlanma yaradacaq və nəticədə, biznes kreditlərinə olan tələbat da artacaq. Beləliklə, iqtisadiyyatın böyüməsi ilə iki kredit növü arasındakı nisbət biznes kreditlərinin lehinə dəyişəcəkdir.
Xaricdə İstehlak Krediti
İstehlak kreditləri dünya üzrə bir çox ölkələrdə mövcud olsa da, bəzi dövlətlərdə bu cür kreditlər ya ümumiyyətlə verilmir, ya da çox ciddi şəkildə tənzimlənir. İstehlak kreditlərinin verilməməsi və ya məhdudlaşdırılması çox vaxt sosial, iqtisadi və mədəni amillərlə bağlıdır.
Şəriət qanunlarına əsaslanan ölkələrdə faizli kreditlər dini səbəblərdən qadağandır. İslam dininə əsaslanan bu cəmiyyətlərdə, faiz (riba) alınması haram sayılır və buna görə də faizli kreditlər verilməsi mümkün deyil. Şəriətə uyğun maliyyə məhsulları təqdim edən banklar və maliyyə qurumları faizli deyil, faizsiz məhsullar təqdim edirlər. Bu İslami bankçılıq sisteminin təməl prinsiplərindən biridir.
Avropa və ABŞ-da istehlak kreditləri geniş şəkildə yayılmışdır. Bu ölkələrdə banklar və digər maliyyə qurumları müxtəlif istehlak kredit məhsulları təqdim edir. Bunlar arasında istehlak, təhsil, avtomobil kreditləri, və kredit kartları geniş istifadə olunur. Bu kreditlər əsasən faizlə verilir və banklar müştərilərinə uyğun faiz dərəcələri ilə müxtəlif kredit təklifləri edirlər.
Lakin bəzi Avropa ölkələrində istehlak kreditlərinin verilməsi və şərtləri ilə bağlı ciddi tənzimləmələr mövcuddur. Məsələn, Şimali Avropa ölkələrində, xüsusilə İsveç və Finlandiyada istehlak kreditləri üzrə tənzimləyici orqanlar və qanunvericilik çərçivəsində verilən kreditlərdə faiz dərəcələrinin və borcun ödənilməsi müddətinin məhdudlaşdırılması təcrübəsi var. Belə tənzimləmələr insanların borc yükünün artmasının qarşısını almaq məqsədini daşıyır.
ABŞ-da isə istehlak kreditlərinin verilməsi üçün müəyyən şərtlər və tələblər mövcuddur. Burada əsasən "kredit tarixi" və "kredit reytinqi" önə çıxır. ABŞ-da müxtəlif kredit növləri mövcuddur və banklar istifadəçilərin maliyyə vəziyyətinə əsasən, onlara fərqli şərtlərlə kredit təklif edir. Kredit kartları, şəxsi kreditlər və avtomobil kreditləri ən çox istifadə edilən məhsullardır.