Təkcə eşşəklərin sayı azalmayıb - İqtisadçı ekspert

İQTİSADİYYAT
21:46 / 28.03.2025
151

"Təkcə eşşəklərin deyil, atların da sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatında isə qoyunların sayının 1 milyon 600 min baş azaldığı göstərilib. Bunun özü də böyük rəqəmdir. İnəklərin, eləcə də iribuynuzlu heyvanların da sayı azalıb. Son 10 ildə iribuynuzlu heyvanların sayı 200 min baş azalıb”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmli eşşəklərin sayının azalmasının səbəblərindən danışarkən deyib. 

Ekspert azalmanın əsas səbəbini yem qıtlığı ilə əlaqələndirib:

"Yem yoxdur. Heyvanlara yem vermək lazımdır. Ot yoxdur, heyvan ac qala bilməz. Ot tələbatdan 2,5 dəfə azdır. Digər tərəfdən, örüş sahələrindən səmərəli istifadə olunmur. Örüş sahələrinə aqrotexniki qulluq edilmir. Bu problem də var. Bu səbəbdən Azərbaycanda heyvanların sayı kəskin şəkildə düşür və azalma davam edir”.

Vahid Məhərrəmli deyir ki, sürü şəklində heyvanların örüş sahələrinə çıxarılmasında at və eşşəkdən istifadə olunur:

"Əgər az sayda heyvan saxlanılırsa, at və eşşək saxlamağa ehtiyac qalmır. Heyvandarlığın baş sayının azalması elə-belə baş vermir. Bunun nəticəsi ciddi problemlər yaradır. Kərə yağı dəyər ifadəsində iki ay ərzində 2,3 dəfə, süd idxalı 49,1% artıb və fiziki çəkidə isə 65% azalıb. Kərə yağı fiziki çəkidə 80% azalıb. Dəyər ifadəsini nəyə görə deyirəm? Ona görə ki, biz özümüz istehsal edə bilmirik, xaricdən gətiririk. Ot, yem, normal qulluq yoxdur və get-gedə süd, kərə yağı istehsalı azalır. Kəsim üçün gətirilən heyvanların idxalı iki ay ərzində 84,4% artıb. Bu o deməkdir ki, artıq heyvandarlıq sıradan çıxır”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumata görə, Azərbaycanda eşşəklərin sayında azalma qeydə alınıb. 2025-ci ilin əvvəlində 12709 baş eşşək olub. Bu göstərici ötən illə müqayisədə 2215 baş azdır. 
 

0