Bakı metrosunun "28 May" stansiyasının qismən bağlanacağı barədə xəbərlər yayılıb.
Qeyd olunur ki, metro xətlərində aparılacaq texniki işlər səbəbilə "28 May" stansiyası bu ilin sonu – payız aylarında və ya 2026-cı ilin əvvəlində 6 ay müddətinə qismən bağlanacaq.
Dəyişiklik "qırmızı" və "yaşıl" xətlərin ayrılması layihəsi çərçivəsində həyata keçiriləcək. Məlumatı "caliber" nəşri yayıb. Bildirilir ki, məhdudiyyətlər "Dərnəgül" istiqamətində hərəkət edən sərnişinlərə təsir edəcək.
"Dərnəgül-Həzi Aslanov xəttinin qatarları yalnız Nizami stansiyasına və geriyə hərəkət edəcək, yəni bu xəttin sərnişinləri üçün 6 ay ərzində son stansiya Nizami olacaq", - məlumatda bildirilir.
Modern.az məsələ ilə əlaqədar olaraq “Bakı Metropoliteni” QSC ilə əlaqə saxlayıb.
Saytımıza açıqlamasında qurumun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, “28 May” stansiyasının bir küncü də olsa, bağlanmayacaq:
“Stansiya öz fəaliyyətini tam davam etdirəcək. "İçərişəhər" və "Əhmədli" arasında qatarlar ənənəvi qaydada hərəkətlərini davam etdirəcəklər. “28 May”dan "Yaşıl xətt"ə, yəni "Dərnəgül" istiqamətində qatarların hərəkəti dayandırılacaq. Qatarlar yalnız, “Dərnəgül” “Nizami” arasında hərəkət edəcək. Bu səbəbdən məhz birinci vəzifə olaraq “Dərnəgül” elektrik deposunun birinci mərhələ üzrə inşası tamamlanmalıdır. “28 May” stansiyasının bir küncü də olsa, bağlanmayacaq, öz funksional fəaliyyətini davam etdirəcək. Sadəcə həmin stansiyadan “Dərnəgül” yazılaraq, o istiqamətdə gedən qatarlar olmayacaq. Xətlərin ayrılması da elə bu deməkdir. Bu, “Dərnəgül” elektrik deposunda birinci mərhələ üzrə işlər tamamlandıqda baş tutacaq. Yəni bu ilin sonuna qədər tamamlanması nəzərdə tutulub".