Son zamanlarda dünyada qızılın qiyməti artmaqda davam edir.
Bu qiymət artımı ölkəmizə də birbaşa təsir edir. Artıq son günlərdə Bakı bazarında qızılın qiymətində 20-30 manat artım qeydə alınıb. Bəzi qızıllarda isə bu artım daha yüksəkdir.
Maraqlıdır, qızılın bu qədər bahalaşmasına səbəb nədir?
Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlama verib. O bildirib ki, ölkəmizdə qızılın bahalaşmasının birbaşa səbəbi dünya qızıl bazarında qiymətlərin artmasıdır:
"Nəzərə almaq lazımdır ki, hazırda həm dünya iqtisadiyyatı, həm qlobal hərbi və siyasi vəziyyət, həm də müharibələrlə bağlı ciddi risklər mövcuddur. İqtisadi, ticari və hərbi müharibələr, habelə dövlətlərin bir-birinə sanksiya tətbiq etməsi ilə yanaşı, qeyri-müəyyənliklərin artması qızılın qiymətinə də təsirsiz ötüşmür".
Mütəxəssis diqqətə çatdırıb ki, artıq bəzi ölkələr qızıl ehtiyatlarını ciddi şəkildə artırıblar:
"Məsələn, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar digər ölkələrin qızıl ehtiyatlarını artırmasına gətirib çıxarıb. Ölkələrin bir-birlərinə qarşı kəskin sanksiyalar və tariflər tətbiq etməsi dünyada iqtisadi böhran riskini də artırır.
Hansısa ölkənin iqtisadiyyatı çöksə, valyutası da ucuzlaşacağı üçün qızıl ehtiyatlarını artırmağa üstünlük verirlər. Yəni bütün bunların fonunda dünya bazarında qızılın qiyməti bahalaşır. Bu isə Azərbaycan bazarına da təsir edir".
Pərviz