"Fərdi yaşayış evlərinin tikintisi zamanı birinci növbədə torpağın təyinatı nəzərə alınmalıdır".
Bu sözləri təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, evin tikintisini mütəxəssislərə həvalə etmək lazımdır:
"Həyət evi tikən zaman torpağın növü, qum, çınqıl, daş və gil kimi faktorlara xüsusi nəzər yetirmək vacibdir. Təbii ki, tikinti lisenziyalı təşkilatlar tərəfindən həyata keçiriləndə ilk olaraq torpağın təyinatını müəyyən edirlər. Eskiz layihədə bunların hər biri öz əksini tapır. Evin inşası zamanı tikintinin norma və standartlarına, həm də layihənin icra olunması üçün normativ tələblərə riayət olunmalıdır".
Ekspert qeyd edib ki, bəzi hallarda dost-tanış tərəfindən evlər tikilir:
"Lakin təhlükəsizlik baxımından evin tikintisini dost-tanışa deyil, peşəkarlara həvalə edilməlidir. Hətta uzun illərdir bu işlə məşğul olan şəxsin belə istədiyi yerdə, istədiyi mərtəbədə ev tikməsi doğru deyil.
Çünki bunların hər birinin öz normativ standartları və qaydaları var. Bu səbəbdən də mütləq şəkildə bu işləri lisenziyalı təşkilatlara həvalə etmək lazımdır. Nəzərə almaq lazımdır ki, onlar tərəfindən tikilən evlər daha təhlükəsiz olur".
Elmar Nurəliyev vurğulayıb ki, istər təməldən, istərsə də fərdi yaşayış evinin bünövrəsindən torpağın təyinatına qədər hər biri standartlara uyğun olmalıdır:
"Hətta tikinti ləvazimatlarından betonun növünə qədər hər birinin normativ standartlara uyğun olması şərtdir. Əlbəttə ki, bütün bunlar evin daha möhkəm və dayanıqlı olmasını təmin edir. Dost-tanış tərəfindən heç bir tikinti normativ tələblərinə riayət edilmədən inşa olunan evin isə dayanıqlılığı sual altında qalır".
Pərviz