Azərbaycanın kənd təsərrüfatı məhsullarını brendə çevirmək üçün nələr edilməlidir?

13:19 / 14.04.2025
342

"Azərbaycanın kənd təsərrüfatı turizmi ilə bağlı müxtəlif işlər görmək olar".

Bu sözləri turizm üzrə ekspert Həmid Cahedi Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, kənd təsərrüfatı turizmi dünyada yeni bir məhsul hesab olunur:

"Dünyada 2015, Azərbaycanda isə 2018-ci ildən bəri bu məhsul müxtəlif tur paketlərdə yerli və xarici qonaqlara təklif olunur. Düşünürəm ki, kənd təsərrüfatı məhsullarını brendə çevirmək üçün müxtəlif addımlar atmaq olar. Artıq ölkəmizdə bu istiqamətdə bəzi işlər görülüb. Məsələn, Lənkəran, Şəki və digər bölgələrimizdə dünya standartlarından da qabağa gedən təsərrüfatlarımız var".

Ekspert Azərbaycanın kənd təsərrüfatı məhsullarını brendə çevirmək üçün atıla biləcək addımlar barədə təkliflər verib:

"Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi və digər müvafiq qurumların, habelə turizm şirkətləri, bələdçilər və ya səyahət bloqçularının köməyi ilə kənd təsərrüfatı turizminin tanıdılmasına nail olmaq olar. Düşünürəm ki, sərgilər və ya sosial şəbəkələr vasitəsilə bunu brendə çevirə bilərik. 

Ümumiyyətlə, turizm sahəsində dövlət qurumları və özəl şirkətlər sıx əlaqədə olmalıdırlar. Həm yerli, həm də xarici turistlərin istəklərini nəzərə alaraq onlara uyğun məhsullar hazırlamaq lazımdır. Kənd turizmi və aqroturizm şirkətlərinə dövlət tərəfindən subsidiya dəstəyi verilə bilər. Həmçinin, biz də öz təcrübələrimizi digər ölkələrlə paylaşa bilərik".

371211

Mütəxəssisin sözlərinə görə, həm də yerli kənd təsərrüfatı sahiblərinin maarifləndirmə və təlim səviyyəsini artırmaq olar:

"Bununla da onların xidmət keyfiyyətini də yüksəldə bilərik. Bu dövlət və ya özəl şirkət tərəfindən həyata keçirilə bilər. 

Bundan əlavə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kənd təsərrüfatı və aqroturizmlə məşğul olan şəxslərə də dövlət tərəfindən müəyyən köməklik edilə bilər. Düzdür, hazırda da işğaldan azad olunan bölgələrimizdə müəyyən kənd təsərrüfatı fəaliyyətləri dövlət tərəfindən dəstəklənir. Amma bu sahədə fəaliyyət göstərən şirkətləri və ya qurumları təşviq etməklə bunu daha da artırmaq mümkündür". 

Pərviz

0