Yeni tikilən binalarda sərt qaydalar olmalı, “Azərisitiliktəchizat” ASC-nin icazəsi olmadan bina tikintisinə başlanılmamalıdır.
HİT.az Modern.az-a istinadla xəbər verir ki, bunu deputat Rövşən Muradov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında müzakirəyə çıxarılan “İstilik təchizatı haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“2005-ci ildən tikilən binaların hamısında qazanxana mövcuddur. Çünki “Azəristiliktəchizat” yaradılanda bu, tələb kimi qoyulmuşdu və Fövqəladə Hallar Nazirliyi məsələyə ciddi nəzarət edirdi. Biz 15 ildir binada yaşayırıq, orda heç bir təmir işi getmir. Hər kəs özünə kombi sistemi qurub. Bu, israfçılıqdır, əziyyətdir. Nə qədər yanğınlar, partlayışlar olur. Ona görə də qanun layihəsinə əlavə olunmalıdır ki, bütün kombi sistemi ləğv olunsun.
Bundan başqa, bina tikən MTK-ların əlindən idarəçilik alınsın. Arzu edərdim ki, kommunal təsərrüfata rəhbərlik edən belə bir dövlət qurumu yaradılsın. İnsanların taleyini işbazlara həvalə etməyin. Binanı tikirlər, 15 il keçir, liftdə təmir yox. Yaşlı insanlar 12-ci mərtəbəyə piyada qalxır”, - deyə deputat bildirib.