BOKT-lar nə üçün həddindən artıq yüksək faizlə kredit verir?

İQTİSADİYYAT
14:20 / 01.05.2025
62

Bank Olmayan Kredit Təşkilatları (BOKT) ilə bağlı çoxsaylı şikayətlər var. 

Vətəndaşlar sözügedən təşkilatların həddindən artıq dərəcədə yüksək faizlə kredit verdiyindən gileylənirlər. Həmin yüksək faizlərə görə evini belə itirən insanlar var. 

Maraqlıdır, yüksək faizlə kredit verən BOKT-larla bağlı hansısa addımlar atılmalıdır? 

Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlama verib. Onun sözlərinə görə, bankların və BOKT-ların digərlərindən əsas fərqli xüsusiyyəti Mərkəzi Bankın lisenziyası əsasında fəaliyyət göstərmələridir:
"Onların fəaliyyəti də lisenziya şərtlərinə və mövcud qanunvericiliyə uyğun olmalıdır. BOKT-larla bağlı tənzimləyici orqan var. Yəni Mərkəzi Bank onlara çox ciddi nəzarət edir. 

Vətəndaşın şikayəti varsa, Mərkəzi Banka müraciət etməlidir. O müraciətə baxılaraq müvafiq addımlar atılacaq. Hesab edirəm ki, hazırda BOKT-larla bağlı hansısa əlavə addıma ehtiyac yoxdur. Çünki sözügedən təşkilatlara nəzarət mexanizm lazımi surətdə və ciddi şəkildə var. Bəlkə də bəzi vətəndaşlar öz hüquqlarını bilmirlər".

Ekspert BOKT-ların faiz dərəcələrinin çox yüksək olmasından da danışıb:
"Məncə, BOKT-ların faiz dərəcələrinin yüksək olmasının səbəbi normaldır. Çünki BOKT-lar pulu banklardan götürürlər. Bank isə əhalidən cəlb etdiyi pulun üzərinə faiz gələrək BOKT-a verir. Yəni ona gələn pulun dəyəri yüksəkdir.

Ümumiyyətlə, BOKT-a bankdan kredit götürə bilməyən şəxslər müraciət edir. Hansı ki, həmin şəxsə bank tərəfindən pul verilməsi risklidir. Ona görə də BOKT tərəfindən bu adama daha yüksək faizlə kredit verməsi də ədalətlidir. Burada qanun pozuntusu yoxdur. Çünki kiməsə məcburi şəkildə kredit verilmir".

Xalid Kərimli sözlərini belə əsaslandırıb:
"BOKT lazımlı maliyyələşmə mənbəyidir. Əgər o olmasa bankların kredit vermədiyi şəxslər gedib sələmçilərdən çox daha yüksək faizlə pul götürəcəklər. O isə daha böyük problemlərə səbəb ola bilər".

Pərviz

0