Pula ehtiyacı olan şəxslər, zərurət yarandıqda çıxış yolu kimi kredit götürməyi seçirlər. Bu zaman müxtəlif seçimlər mövcuddur: banklar, bank olmayan kredit təşkilatları və lombardlar. Hər bir maliyyə mənbəyi fərqli şərtlər və risklərlə müşayiət olunur. Bəs hansı daha sərfəli və risksizdir?
İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, fiziki şəxslərin ailə təsərrüfatlarının borclanmasına gəldikdə, kreditlərdən söhbət gedirsə, banklar ən sərfəli seçimlərdən biridir. Bunun bir sıra səbəbləri var: banklar kredit faizlərinin aşağı olması ilə, həmçinin müxtəlif regionlarda əlçatanlıq imkanları ilə diqqət çəkir.
Rəşad Həsənov qeyd edir ki, banklar kredit təşkilatları və lombardlarla müqayisədə daha aşağı faizlərlə kreditlər təqdim edir. Bu, vətəndaşlar üçün daha sərfəlidir. Lakin vətəndaş gəlirlərini rəsmiləşdirə və müvafiq sənədləri təqdim edə bilmirsə, alternativ olaraq kredit təşkilatları seçim edilə bilər.//Xəzər TV