Paytaxt Bakıda avtomobilini şəhərin bəzi ərazilərində park etmək istəyən sürücülər müəyyən məbləğ ödəyirlər. Bu məbləğ ərazi və zonalardan asılı olaraq dəyişir.
Lakin avtomobilini ödənişli park edənlərlə yanaşı, bu xidmətə görə pul verməkdən azad olan vətəndaşlar da var. Bəzi vətəndaşların hələ də bundan xəbər yoxdur.
Parklanma talonu kimlərə verilir?
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildiriblər ki, təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda qeydiyyatı olan sakinlər fərdi parklanma talonu alaraq, avtomobillərini onlar üçün ayrılan yerdə ödənişsiz saxlaya bilərlər.
"Eyni zamanda, bu imkanlardan yararlanmaq üçün xarici vətəndaşlar da müvəqqəti qeydiyyat ünvanı üzrə müraciət etmək hüququna malikdirlər", - deyə qurumdan məlumat verilib.