"Hər il Azərbaycana gələn turistlərin sayında artım qeydə alınmağa davam edir".
Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib.
Lakin o bildirib ki, buna baxmayaraq, daha çox turist cəlb etmək üçün əlavə tədbirlər də həyata keçirmək lazımdır:
"Məsələn, əlamətdar günlərimiz və milli bayramlarımız vasitəsilə də Azərbaycana turist cəlb etmək olar. Düşünürəm ki, Novruz bayramı və ya digər milli bayramlarda xüsusi festivallar keçirmək mümkündür. Düzdür, keçirilir, amma bunu geniş şəkildə etmək lazımdır. Xüsusilə də bu bayramı regionlarda daha böyük formatda keçirmək turist cəlb etmək üçün effektiv olar".
Ekspert işğaldan azad olunmuş ərazilərimizdə də belə festivalların keçirilməsini təklif edib:
"Hesab edirəm ki, Şuşada Cıdır düzündə at yarışları keçirmək olar. Həmçinin, orada güləş yarışları da təşkil etmək mümkündür. Bundan başqa, Kəlbəcər yaylaqlarında da atıcılıq yarışları təşkil oluna bilər".
Mütəxəssisin sözlərinə görə, beynəlxalq rəqs yarışları da keçirmək variantı gündəmə gəlməlidir:
"Milli rəqslər əsasında yaylaqlarda rəqs festivalları keçirmək olar. Məsələn, Şuşa-Xankəndi arasındakı yolda belə bir karnaval maraqlı alınar".
Rəhman Quliyev onu da qeyd edib ki, hazırda keçirilən festivalları daha da genişləndirilmək lazımdır:
"Ölkəmizdə mütəmadi olaraq çay, nar və ya başqq festivallar keçirilir. Lakin onları daha genişmiqyasda etmək olar. Bu şəkildə daha çox turist cəlb etmək mümkündür. Üstəlik, sözügedən festivalların dünya səviyyəsində tanıdılmasını da təşkil etmək lazımdır. Bunların olması Azərbaycana gələn turistlərin böyük marağına səbəb olar. Eyni zamanda, ölkəmizə yeni turist kütləsi də gələr".
Pərviz