Un ucuzlaşdı: Çörəyin də qiyməti dəyişəcək?

İQTİSADİYYAT
11:40 / 15.05.2025
71

Son günlərdə Azərbaycanda unun qiyməti ucuzlaşıb. 

Daha dəqiq desək, unun topdansatış qiymətində azalma müşahidə olunur. 50 kiloqramlıq un kisəsinin topdansatış qiyməti təxminən 1-2 manat ucuzlaşıb. 

Maraqlıdır, bu, çörəyin də qiymətinin ucuzlaşmasına səbəb ola bilər? 

Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlama verib. O bildirib ki, çörəyin qiymətində hər hansısa bir ucuzlaşma gözlənilmir:

373538

"Çünki unun topdansatış qiyməti 1-2 manat artanda çörək bahalaşmadı. Əslində, burada marjanın artıb-azalmasından söhbət gedir. Bu səbəbdən də çörək qiymətlərində ucuzlaşma olmayacaq, gözləməyə də dəyməz". 

Onun sözlərinə görə, onsuz da çörək istehsal edən zavodların xərcləri artıb:

"İlin əvvəlindən çörək zavodlarının istehsal və işçi xərcləri yüksəlib. Nəzərə almaq lazımdır ki, işıq və qaz qiymətləri də bahalaşıb. Ona görə də unun topdansatış qiymətinin 1-2 manat ucuzlaşmanın çörək qiymətlərinə hər hansısa təsiri olmayacaq".

Xalid Kərimli diqqətə çatdırıb ki, sözügedən ucuzlaşmanın çörəyə təsiri yoxdur:

"Topdansatışda unun 50 kiloqramlıq kisələri ucuzlaşıb. Bu isə 1 kiloqram undakı ucuzlaşmanın sadəcə 3-4 qəpik olduğu deməkdir. Yəni onun 1 çörəyə təsiri 1 qəpik olur. Sahibkar isə buna görə qiymətləri nə artırır, nə də azaldır. Bütün bunların fonunda çörək qiymətlərinin dəyişməyəcəyini deyə bilərik". 

Pərviz

0