Hotellərimiz niyə boş qalır?

İQTİSADİYYAT
22:39 / 17.05.2025
44
Mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin 81 faizdən çoxunun boş qalması ilə bağlı Dövlət Statistika Komitəsinin məlumatı ölkəmizə turist gəlişinin azalması kimi izah olunur. Bu, kifayət qədər ciddi rəqəmdir və həyəcan təbili çalmağın vaxtı çatıb kimi görünür. 
 
Turizmçilər hotellərin boş qalmasını havaların turizm mövsümünə uyğun olmaması ilə əlaqələndirirlər. Onlar həm də qiymətlərin bahalığı, təbliğatın yaxşı qurulmaması və s. kimi səbəblərin də olduğunu deyirlər. 
 
Azərbaycan Hotel Assosiasiyasının İdarə Heyətinin sədri Eldar Əlimuradov açıqlanan statistika ilə razılaşmır: "Aylarla müqayisə dəqiq nəticə almağa mane olur. Ən azı yarım illik, ya da bir illik statistikanı müqayisə etmək lazımdır. Ay olub ki, müəyyən səbəblərə görə bayramlarda və ya dünyada mövcud olan başqa trendlərə görə turistlərin sayı keçən illə müqayisə edəndə az olub. Amma digər aylarda bu boşluq kompensasiya edilib. Bizim idarə etdiyimiz hotellərdə müştəri sayında azalma yoxdur”.
 
Turizm üzrə ekspert Ceyhun Aşurov hesab edir ki, ilin ilk rübündə hotellərdəki yerlərin 80 faizdən çoxunun boş qalması təəccüblü deyil: "Statistikaya görə, Azərbaycanda 800-ə yaxın hotel və qalma yeri var. Nömrə fondumuz təxminən 30 minə yaxındır, 60 minə yaxın ölkə üzrə yataq sayımız var. Nəzərə alaq ki, ilin ilk rübü turizm üçün o qədər də aktiv aylar deyil və bu səbəbdən hər il olduğu kimi bu il də ölkəyə çox qonaq gəlməyib. Bu, bütün dünyada belədir. Qonaqların artımı əslində aprel ayından başlayır. Həm də insanlar daha çox yay aylarında səyahət edirlər. Hotellərdəki yerlərin 80 faizdən çoxunun boş qalması əsasən bununla əlaqədardır. Aprel-maydan başlayaraq turist axınının artan xətt üzrə inkişafını proqnozlaşdırıram”. Ekspert paytaxt mehmanxanalarında 60 faizə yaxın doluluq olduğunu deyir: "Daha sonra Qəbələ, Qusar və s. rayonlar ardıcıllıqla gedir. Bu da quru sərhədlərin bağlı olduğu dövrdə ölkəyə giriş-çıxışın əsasən Bakıdakı hava limanından həyata keçirilməsi ilə əlaqədardır. Ölkədə bir həftə qalan qonaq ya gəlişi, ya da gedişi zamanı bir-iki gün Bakıda gecələməli olur. Ona görə Bakıda gecələmələrin sayı daha çoxdur. Qusar da təbii ki, qış mövsümü ilə əlaqədar olaraq ən çox səfər olunan istiqamət olub. Qusarda və Qəbələdə yay-qış komplekslərinin olması ilin ilk rübündə daha çox turistlərin getməsinə səbəb olub”.
 
Gəlmə turizm üzrə menecer Vasif Yadigarov mehmanxanalarda yaranan boşluğu dünyada baş verən hadisələrlə əlaqələndirir: "Çünki çox reyslər təxirə düşüb. Bu, əsasən Hindistan və Pakistan istiqamətindən gələn reyslərə aiddir. Yanvar-mart aylarında gələnlər onsuz da nisbətən az olur”. Turizmçi xüsusən rayon mehmanxanalarında qeydə alınan azalmanı normal hesab edir: "Bu, normaldır, çünki gələn qonaqların 50%-dən çoxu rayonlara getmir. Məsələn, keçən həftə biz mindən çox hindistanlı qonağı yola salmışıq. Onlardan heç biri rayona getmədi”.
 
"Statistika və turizmin incəlikləri onu göstərir ki, yanvar-fevral, hətta mart ayı turizmdə aşağı mövsüm hesab olunur”, - deyə turizm üzrə ekspert Əziz Şiriyev bildirir: "İnsanlar daha çox hava isti olanda gəzintiyə üstünlük verirlər. Əvvəlki illərə nəzər yetirsək, mart ayında, xüsusən Novruz bayramı ərəfəsində ölkəmizə xeyli sayda İrandan turist gəlirdi. Sonra bu axın dayandı. Ona görə bu ilin martında bir qədər zəif mövsüm oldu. Hazırda Bakıda, Qobustanda, tarixi məkanlarımızda, qoruqlarda Rusiyadan, Hindistandan gələn turistləri görə bilərsiniz. Tədricən regionlarda da turistlərin sayı artmaqdadır. Hesab edirəm ki, Çinlə Azərbaycan arasında viza rejiminin ləğvi çinli turistlərin ölkəmizə gəlişinə səbəb olacaq”. 
 
Tərcüməçi-bələdçi Aytac Nəzirli isə açıqlanan statistikanı real hesab edir: "Qış aylarında turistlərin azlığı normal haldır. Çünki qız aylarında Qəbələ-Qusar kimi ərazilərdə hotel qiymətləri kəskin şəkildə bahalaşır. Bəzi ölkələrdə qış aylarında tətil olmur, azalmada bu da rol oynayır. Amma apreldən başlayaraq yenidən canlanma müşahidə olunur”. Bələdçi hesab edir ki, ilin əvvəlindən turistlərin ölkəyə az gəlməsinin səbəblərindən biri də bu istiqamətdə reklam işinin yaxşı qurulmaması ilə bağlıdır: "Biz turizmdə ancaq bir ölkəyə köklənirik. Bir ara ərəb bazarına kökləndilər, sonra Hindistan, indi də Çin. Bir anda bir neçə bazarla müqavilə bağlasalar, kəskin şəkildə artım ola bilər. Məsələn, hindistanlılar yayda gəlməyi üstün tuturlar, onlar qışı sevmirlər. "Ərəb bazarı” demək olar ki sona çatıb. Onlar əvvəl Azərbaycana gəlirdilər, amma indi Gürcüstana, Qazaxıstana üz tuturlar”. A.Nəzirli turistlərin diqqətinin təkcə Bakıya fokuslanmasını da düzgün hesab etmir:
 
"Azərbaycanın turizm bölgələri təkcə Bakı, Qusar və Qəbələ deyil. Amma təəssüf ki, bizim sektorda təkcə bu şəhərlərə kökləniblər. Digər regionların gözəl turistik yerləri, tarixləri, ənənələri var. Amma Gəncədə, Balakəndə, Lənkəranda və s. yerlərdə çox nadir hallarda turist görərsiniz. Çünki bu istiqamətdə reklam düzgün getmir. Şəxsən mənim qonaqlarım olanda rayonlara səfər təklif edərkən tərəddüd edirlər. Çünki qonaqların gördüyü yalnız bu üç şəhərdir”. Bələdçinin dediyinə görə, qonaqlara qarşı baş verən dələduzluq halları da onların gəlişinə mane olur: "Taksi sürücüləri, gecə qadınları, restoranlarda qiymət artımı, onlara verilən saxta pullar, peşəkar olmayan bələdçilərin məlumatları qonaqları ölkəmizdən soyudur. Nəticədə turistləri itiririk”.
 
Mənbə: "Kaspi" qəzeti
0