"Müxtəlif ölkələrin kənd təsərrüfatı təcrübəsi Azərbaycanda tətbiq oluna bilər".
Bu sözləri turizm üzrə ekspert Həmid Cahedi Hit.az-a açıqlamasında deyib.
O, buna nümunələr də verib:
"Məsələn, birincisi Türkiyədir. Qardaş ölkənin iqlim və torpağı Azərbaycanla oxşardır. Bu səbəbdən də türklərin müxtəlif məhsulların suvarma sistemini və aqroturizm təcrübəsini ölkəmizdə tətbiq etmək olar".
Ekspert hesab edir ki, Niderland, İtaliya və İspaniya kimi ölkələrin də kənd təsərrüfatı təcrübəsindən faydalana bilərik:
"Niderland kənd təsərrüfatı sahəsində dünyanın ən yüksək və qabaqcıl texnologiyalarına sahib olan ölkələrindən biridir. Xüsusən istixana texnologiyaları və əkin sahələrində smart sistemləri sayəsində sözügedən ölkənin kənd təsərrüfatı yüksək səviyyədə məhsul nəticəsi verir. Hesab edirəm ki, bu təcrübəni Azərbaycanda tətbiq edə bilərik.
İtaliya və İspaniyada isə bağçılıq, üzümçülük və zeytunçuluq təcrübəsindən yararlanmaq olar. Təbii ki, kənd təsərrüfatı və aqroturizm sahəsində Çin, İndoneziya və başqa ölkələrin də təcrübəsini Azərbaycanda tətbiq etmək mümkündür. Adıçəkilən ölkələrin emal, qablaşdırma, marka yaratmaq və əkinçilik metodlarından istifadə etmək olar".
Mütəxəssis vurğulayıb ki, xüsusilə qardaş Türkiyə ilə kənd təsərrüfatı və aqroturizm sahəsində sıx əməkdaşlıq edə bilərik:
"Nəzərə almaq lazımdır ki, tərəflər arasında yüksək səviyyədə əlaqələr var. Eyni zamanda, iki ölkə coğrafi baxımdan yaxındır və ortaq kənd təsərrüfatı məhsullarına sahibdir. Bütün bunlara görə qardaş ölkənin təcrübəsini ölkəmizdə də uğurla tətbiq edə bilərik.
Ümumiyyətlə, Türkiyədə kənd təsərrüfatı və aqroturizm sahəsində son illərdə müxtəlif işlər görülüb. Bu təcrübələri Azərbaycanda genişmiqyasda tətbiq edə bilərik. Ölkəmizdə də sözügedən sahələrdə inkişaf dinamikası var və bir çox layihələr həyata keçirilir. Yəni əlaqələr genişlənərək, Azərbaycan təcrübəsindən Türkiyədə də istifadə oluna bilər".
Pərviz