Bu ilin ilk dörd ayında ölkəyə 756 milyon 423,96 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların ehtiyat hissələri idxal olunub.
Valyuta.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 108 milyon dollardan çox və ya 16,7% artım deməkdir.
Məlumata görə, cari ildə nəqliyyat vasitələrinin ümumi idxaldakı payı 9,30% təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında bu göstərici 648 milyon 094,89 min dollarla ümumi idxalda 11,86% paya sahib olub.
Son dörd ilin məlumatlarına nəzər saldıqda, 2023-cü ildə nəqliyyat vasitələri və onların hissələrinə 787 milyon 739,34 min dollar xərclənib, ümumi idxalda payı isə 14,87% təşkil edib. Bu dövr ərzində idxalda ən yüksək məbləğ məhz həmin ildə qeydə alınıb.
2022-ci ilin ilk dörd ayında isə Azərbaycana gətirilən nəqliyyat vasitələrinin dəyəri 525 milyon 183,63 min dollar olub. 2023-cü ildə bu rəqəm ilə müqayisədə 262 milyon dollar və ya 49,9% artım müşahidə edilib. Həmin ildə ümumi idxaldakı pay 13% təşkil edib.
Ən aşağı göstərici isə 2021-ci ilə aiddir. Həmin ilin eyni dövründə bu sahədə idxal 383 milyon 458,34 min dollar, ümumi idxal payı isə 10,87% olub.