Azərbaycanın 9 beynəlxalq hava limanı - SİYAHI

İQTİSADİYYAT
11:44 / 28.05.2025
141

Bu gün Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçiriləcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif açılış mərasimində iştirak edəcəklər.

Bir neçə gün əvvəl Baş nazir Əli Əsədovun qərarı ilə Hava Limanına beynəlxalq status verilib. Bu statusla bağlı beynəlxalq təşkilatlara da məlumat verilib. Qeyd edək ki, Laçın Hava Limanının tikintisinə 2021-ci ildən başlanılıb. Bura Azərbaycanın ən hündürdə yerləşən hava limanıdır.

Laçın şəhər mərkəzindən 30 kilometr, Şuşadan 70 kilometr, Kəlbəcərdən 60 kilometr məsafədə yerləşən hava limanı saatda 200 sərnişinə xidmət edə biləcək. Hava limanında uzunluğu 3 min metr, eni 60 metr olan uçuş-enmə zolağı var.

Laçın aeroportu Azərbaycanın 9-cu beynəlxalq hava limanıdır.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı Bakı şəhərindən 20 km məsafədə - Binə qəsəbəsində yerləşir. Cənubi Qafqazın ən böyük və ən işlək hava limanıdır. Limanın  ümumi sərnişin ötürmə qabiliyyəti ildə 9 milyon nəfərdir. 

Buradan gündə 15 mindən çox sərnişin keçir və 130-dan artıq reys yerinə yetirilir. 2024-cü ildə hava limanı 7,537 milyon sərnişinə xidmət göstərib ki, bu da 2023-cü illə müqayisədə 31% artım deməkdir. İl ərzində 59,238 uçuş həyata keçirilib, marşrut şəbəkəsi isə 80 istiqaməti əhatə edib. Hava limanından sərnişinlərə 18-i aşağıbüdcəli (loukoster) olmaqla, 40 aviaşirkət vasitəsilə Avropa, Asiya və Yaxın Şərqi əhatə edən geniş səyahət imkanları təqdim olunub. 

Beynəlxalq reyslərdə xarici aviaşirkətlər 3,495 milyon, milli aviadaşıyıcı AZAL isə 3,314 milyon sərnişin daşıyıb. Xüsusilə tranzit daşımalarında yüksək artım qeydə alınıb: tranzit sərnişinlərin sayı 130% artaraq 373,383 nəfərə çatıb. Bakı–Naxçıvan–Bakı marşrutu üzrə 2023-cü illə müqayisədə 24% çox, yəni 3,419 reys həyata keçirilib. Bununla belə, bu istiqamətdə sərnişin dövriyyəsi cəmi 4% artaraq 728 min nəfər təşkil edib.

Gəncə Beynəlxalq Hava Limanı

Hava limanı Gəncə şəhərinin mərkəzindən 7 km məsafədə yerləşir. 1 terminalı olan limanda gündə 10-dək uçuş həyata keçirilir və təxminən 1000-dək sərniçin gün ərzində limandan istiofadə edir.  Hava limanı mülki aviasiya məqsədləri üçün istifadə olunur. Hava limanında müxtəlif aviaşirkətlərə xidmət göstərən bir uçuş-enmə zolağı var.

Naxçıvan Beynəlxalq Hava Limanı

Naxçıvan Hava Limanı 1976-cı ildə tikilib və 3-cü dərəcəli təyyarələri (Yak-40, An-24 və onlara oxşar) qəbul edib. Yalnız Bakı şəhərinə reyslər həyata keçirilirdi. Hava Limanı 1990-cı illərin ikinci yarısında inkişaf etməyə başladı: Naxçıvan Muxtar Respublikasının Ermənistan tərəfindən blokadaya alınması nəticəsində aviasiya nəqliyyat əlaqəsi üçün yeganə vasitə olub.

2002 - 2004-cü illər ərzində  Hava Limanı rekonsrtuksiya olunaraq yeni monolit-beton konstruksiyadan hazırlanmış və yük götürmə qabiliyyəti 400 ton olan uçuş-enmə zolağı tikildi, o cümlədən  beynəlxalq standartlara cavab verən yeni Aerovağzal kompleksi də sərnişinlərin istifadəsinə verildi. Bununla da ən müasir infrastruktur yaradıldıqdan sonra 2004-cü ilin aprel ayında Naxçıvan Hava Limanı Beynəlxalq Hava Limanı statusu qazandı.

Hava limanında 2 uçuş-enmə zolağı var. 2 terminala malik limanda gündəlik uçuş sayı 10-dan azdır və 3000-dək sərnişinə xidmət göstərilir.

Lənkəran Beynəlxalq Hava Limanı

Hava limanı Lənkəran şəhərində yerləşir. Yerli və beynəlxalq aviaşirkətlərə xidmət göstərən tək uçuş-enmə zolağına malikdir. 1 terminala malik limanda gündəlik uçuş sayı 20-dən az, sərnişin sayı isə 5000 nəfər nəzərdə tutulub.

Qəbələ Beynəlxalq Hava Limanı

Hava limanı Qəbələ rayonunda yerləşir. 1 terminala malik limanda gündəlik uçuş sayı 20-dək, sərnişin sayı isə 10 min nəfər nəzərdə tutulub. Hazırda uçuşlar həyata keçirilmir.

Zaqatala Beynəlxalq Hava Limanı

Zaqatala Beynəlxalq Hava Limanı Zaqatala şəhərində yerləşir. Limanın təyyarə vağzalı kompleksi və uçuş enmə zolağı 2008-ci ildə yenidən qurulub və bir il sonra limana  beynəlxalq status verililb. Limanda heç bir beynəlxalq uçuş olmayıb, daxili uçuşlar 2010-cu ildən dayandırılıb.

Füzuli Beynəlxalq Hava Limanı

İşğaldan azad edilmiş ərazilərdə inşa edilmiş ilk hava limanıdır. Füzuli Beynəlxalq Hava Limanı, bu gün təkcə nəqliyyat qovşağı deyil, həm də Qarabağ regionunun əlçatanlıq və inkişaf simvoludur. Bu hava limanı Zəfər Yolunun qapısı və Şuşa şəhərinə gedən əsas nəqliyyat qovşaqlarının açarıdır.

Torpaqlarımız işğaldan azad edildkdən cəmi bir il sonra istifadəyə verilən liman beynəlxalq status və IATA kodu (FZL) alıb. Füzuli aeroportu dünyada ən sürətlə tikilən hava limanlarından biri kimi tarixə düşüb.

Zəngilan Beynəlxalq Hava Limanı

 

İşğaldan azad edilmiş ərazilərdə ikinci hava limanı Zəngilandə inşa edillib.

 2021-ci il aprelin 26-da Prezident İlham Əliyev tərəfindən hava limanını təməli qoyulub və onun tikintisinə başlanılıb və 2022-ci ilin oktyabr ayında istismara verilib.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyas tərəfindən limana beynəlxalq kod - ZZE - təyin edilib.

Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir.

 Liman Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. 

©modern.az

0