Qurban bayramı günlərində ətin qiymətində artım gözlənilir?

İQTİSADİYYAT
21:54 / 31.05.2025
139
Artıq müsəlmanların müqəddəs bayramı olan Qurban bayramına sayılı günlər qalıb. Belə ki, bu il Qurban bayramı günləri iyunun 6 və 7-nə təsadüf edir.
 
Hazırda paytaxtda quzu ətinin kilosu 19-20, mal ətinin kilosu isə 14-15 manat aralığında dəyişir.
 
Bəs, Qurban bayramı ilə bağlı vəziyyət necədir? Qiymət artımı gözlənilirmi?
 
Mövzu ilə bağlı Trend-ə açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli bildirib ki, ölkəmizdə Qurban bayramında xırdabuynuzlu heyvanlara tələb daha çox olur:
 
"Bu çərçivədə fermerlərimizin illərdir təcrübəsi var. Kifayət qədər qurbanlıq parametrlərinə uyğun olan heyvanları saxlayıb yetişdirirlər. Qurban bayramında kütləvi tələb olduğu zaman qurbanlıq heyvanların satışını təmin edirlər. Yəni bazara kifayət qədər yerli heyvanlar çıxarılır. İllərdir Qurban bayramından sonra belə gətirilən heyvanların bir hissəsi qalır. Bu zaman sahibkarlar ehtiyac olan böyük şəhərlərdə heyvanların satışı təmin edir”.
 
Ekspert qeyd edib ki, məhsula tələbin artacağı zaman sahibkarların da idxal məsələlərini gündəmə gətirir:
 
"Təcrübə göstərir ki, Qurban bayramı zamanı müəyyən sahbkarlar da qonşu ölkələrdən kifayət qədər qurbanlıq heyvanlar idxal edirlər. Onlar da bazara çıxarılır. Təbii ki, həm daxildən, həm də xaricdən bazara nə qədər heyvan çıxarılsa da, bir anda tələb artdığı üçün iqtisadi qaydalara uyğun olaraq qiymətlərdə müəyyən dəyişiklik müşahidə olunması normaldır. Praktika göstərir ki, bayram bitdikdən sonra qiymətlər yenə də əvvəlki səviyyədə tənzimlənir”.
 
İqtisadçı ekspert Xalid Kərimli isə Trend-ə bildirib ki, ət qiymətlərində hələ artım müşahidə olunmur.
 
"Bayram günlərində bir neçə gün cüzi artımlar gözlənilə bilər. Bu da tələbatın kəskin artması ilə əlaqədar olur, amma hər hansı xüsusi qiymət artımı gözlənilmir. Bayram günlərində ola biləcək qiymət artımları da sonrakı günlərdə əvvəlki səviyyəsinə enmiş olacaq”, - deyə ekspert əlavə edib.
 
0