"Laçın Beynəlxalq Hava Limanı ölkənin inkişafı baxımından çox əhəmiyyətlidir" - AÇIQLAMA

İQTİSADİYYAT
11:34 / 03.06.2025
127

"Azərbaycanın sayca 9-cu aeroportu olan Laçın Beynəlxalq Hava Limanının ölkəmiz üçün əhəmiyyəti olduqca böyükdür". 

Bu sözləri siyasi şərhçi Aydın Quliyev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bu cür beynəlxalq hava limanları həm təyinatı üzrə istifadə baxımından, həm də ümumiyyətlə strateji nöqteyi-nəzərindən əhəmiyyətlidir:

"Çünki Azərbaycan böyük nəqliyyat-logistika qovşağı olaraq artıq özünü təsdiqləyib. Ölkənin çox geniş şəbəkəli nəqliyyat-logistika infrastrukturları var. Onlardan biri də beynəlxalq hava limanları sistemidir. Hansı ki, Azərbaycanın başqa bölgələrində, o cümlədən də işğaldan azad olunmuş Qarabağda toplamda 9-cu belə hava limanı istifadəyə verilib". 

374949

Ekspert qeyd edib ki, beynəlxalq hava limanının bir çox əhəmiyyəti var:

"Lakin işğaldan azad olunmuş və vaxtilə işğalçıların qarşısında "Qarabağın açarı" sayılan Laçında beynəlxalq hava limanının açılması onun dəyərini əlavə olaraq da xeyli dərəcədə artırır. Eyni zamanda, işğaldan azad olunmuş və Ermənistanla sərhəd bölgədə tikilmiş bu hava limanı təhlükəsizlik şəbəkəsi və təhlükəsizlik nöqtəsi olaraq da əhəmiyyətlidir".

Aydın Quliyev diqqətə çatdırıb ki, işğaldan azad olunmuş bölgələrimizə xaricdən birbaşa nəqliyyat təmaslarının qurulmasında bu aeroportun çox böyük rolu olacaq:

"Qarabağ və Şərqi Zəngəzurla xarici ölkələrin birbaşa təmasların yaradılması həm də Azərbaycan üçün prinsipial bir suverenlik məsələsidir. Azərbaycan bununla bir daha dünyaya göstərir ki, onun işğaldan azad etdiyi ərazilər ölkənin bütün başqa hissələri ilə hər mənada inteqrasiya olunur. Yəni ölkənin bütün bölgələri arasında nəqliyyat şəbəkələri qurulur. 

Laçın Beynəlxalq Hava Limanı Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunun beynəlxalq əlaqələrdə mövqeyinin və iştirakının daha da möhkəmlənməsində öz təsirli rolunu göstərəcək. Ümumiyyətlə, bu hava limanı Qarabağ və Şərqi Zəngəzur üçün xaricə çıxışın ən əhəmiyyətli qapılarından biridir. Bu, həmin bölgələrin sosial-iqtisadi inkişafında, eləcə də humanitar və mədəni əlaqələrində böyük rol oynayacaq". 

Pərviz

0