"Azərbaycanda dəniz turizmini inkişaf etdirmək lazımdır" - EKSPERT

İQTİSADİYYAT
13:45 / 10.06.2025
92

"Bu gün Azərbaycanda dəniz turizmi üçün kifayət qədər böyük imkanlar var". 

Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, dəniz sahili boyunca gəmi turlarının təşkil olması Azərbaycanda dəniz turizminin böyük inkişafına səbəb olar:

"Eyni zamanda, gəmilərlə gəzinti turistlərin diqqətini çəkər. Üstəlik, Xəzəryanı ölkələrdən gələn turistlərin ölkəyə girişini gəmi ilə təmin etmək də mümkündür. Bu yolla Xəzəryanı ölkələrdən də turistlər rahat şəkildə Azərbaycana gəlib-gedə bilərlər. Yəni bunu kruiz proqramı üzrə həyata keçirmək olar".

375327

Ekspert qeyd edib ki, bundan dünya təcrübəsində də geniş istifadə olunur:

"Ümumiyyətlə, bütün dünyada gəmi turu çox mühüm bir turizm növüdür. Bu, Avropa və Asiya ölkələrində geniş yayılıb. Qardaş Türkiyədə də hər zaman yaxın məsafələrə dəniz turları təklif olunur. 

Daha çox Antalya, Bodrum və Kuşadasına gedən turistlər bundan istifadə edirlər. Üstəlik, bunun əlavə turizm gəliri olduğunu da vurğulamaq lazımdır".

Mütəxəssisin sözlərinə görə, ölkəmizə gələn turist maraqlı bir əyləncə yeri axtarır:

"Turist ən azından bir həftəlik zamanını keçirmək üçün müxtəlif maraqlı destanasiyalar axtarır. Təbii ki, bir gün şəhər gəzintisi, bir gün Xəzər dənizi sahilində və ya gəmi ilə dəniz turuna çıxmaq kifayət qədər maraqlı olar. Bundan başqa, ticarət mərkəzləri və ya tarixi yerləri gəzmək də cəlbedici variantdır".

Rəhman Quliyev diqqətə çatdırıb ki, dəniz turizminin inkişafı yerli turistlərin də marağına səbəb olacaq:

"Həftəsonunu maraqlı keçirmək istəyən yerli turistlər də gəmi turlarına yönələcəklər. Düşünürəm ki, vaxtaşırı dəniz kruizləri həyata keçirmək Azərbaycana gələn turistlərin sayının artmasına da birbaşa təsir edəcək". 

Pərviz

0