Bakı Ekspo Mərkəzində 6-cı "Yerli şirkətlərin tanıtım sərgisi”nə start verilib.
HİT.az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə keçirilən sərgidə 300-ə yaxın yerli şirkətin məhsul və xidmətləri nümayiş olunur.
Sərginin açılışına həsr olunmuş tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, “Kapital Bank” ASC-nin İdarə Heyətinin üzvü Fərid Hidayətzadə və "İş adamları Cəmiyyətinin Milli Assosiasiyası" İctimai Birliyinin və “Marsol Group”un İdarə Heyətinin sədri Tural Mustafayev çıxışlarında ölkədə sahibkarlığın inkişafı, özəl sektorun dəstəklənməsi, yerli məhsulların ixrac potensialının artırılması və sərgilərin “Made in Azerbaijan” brendinin tanıdılmasında oynadığı mühüm rol barədə fikirlərini bölüşüblər.
Ən sonda tədbir iştirakçıları, o cümlədən rəsmi qonaqlar sərgi zalını ziyarət edərək sərgidə nümayiş olunan məhsul və xidmətlərlə tanış olublar.