Adətən, banklar müqavilə bağlayanda qeyd edirlər ki, xidmət qeyri-iş gününə təsadüf edərsə, növbəti iş gününə keçirilir. Özlərinin depozit faizi ödənişi olduqda heç bir narahatlıq olmadan növbəti iş günündə edirlər. Amma iş vətəndaşın kredit ödənişinə gələndə əlavə faiz hesablanır.
Bunu Trend-ə açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.
Onun sözlərinə görə, əgər vətəndaş krediti qeyri-iş günündə ödəsə belə, gecikmə faizi hesablanmış olur:
“Banklar tələb edir ki, əgər ödəniş bayrama düşürsə, ödəniş əvvəlki iş günündə ödənilməlidir. Bu məsələ bir qədər mübahisəlidir. Əgər bu müqavilədə yoxdursa, burada banklar haqsızdır.
Bu, Mülki Məcəllə ilə tənzimlənən məsələdir, əgər ödəniş qeyri-iş gününə təsadüf edirsə, növbəti iş günündə edilə bilər. Vətəndaş burada diqqətli olmalıdır. Çalışmalıdır ki, adında gecikmə olmasın. Amma bir ay ərzində gecikmələrdə vətəndaşın kredit tarixçəsinin korlanması baş vermir. Yəni 1-2 gün gecikmə olduqda çox narahatlıq olmamalıdır. Sadəcə cərimə faizləri məsələsi var”.
Ekspert bildirib ki, belə halların yaşanmaması üçün əvvəlcə müqaviləyə baxılmalıdır:
“Əgər müqavilədə qeyd edilibsə ki, ödəniş qeyri-iş gününə təsadüf etdikdə əvvəlki gün ödənilməlidir, bu edilməlidir. Bank bu addımı atıbsa və biz də razılaşmışıqsa, bir şey edə bilmirik. Amma belə bir müddəa yoxdursa, Mülki Məcəllənin tələblərinə uyğun olaraq ödəniş növbəti iş günü qüvvəyə minməlidir. Əgər müqavilədə varsa, hər hansı problem olmamalıdır.
Vətəndaş buna görə də müqaviləsinə mütləq baxmalıdır. Bunun nəticəsi bizə 2 formada təsir edə bilər. Birincisi, gecikmə faizi hesablanır, ikincisi, diqqətdən qaçmış məbləğ ola bilər. Məsələn, orada diqqətimizdən qaçmış qəpik-quruş qalaraq, aylarla gözdən qaça bilər. Bu da bizim kredit tarixçəmizi korlaya bilər. Ona görə də diqqətli olaq. Bankların, demək olar, hamısının mobil tətbiqləri var. Mütəmadi olaraq kredit tarixçəmizi yoxlamalıyıq. Vətəndaş özü bu informasiyaları almalıdır”.
İqtisadçı ekspert Eyyub Kərimli isə Trend-ə qeyd edib ki, kredit ödənişləri müqavilənin şərtlərinə əsasən müəyyənləşir:
“Qeyri-iş günlərində ödənişlərlə bağlı müddəalar bankların müqavilələrində əks etdirilir. Bəzi banklar bunu müqavilədə qeyd edərək, belə olan halda ödənişin əvvəlcədən edilməsini də tələb kimi qoya bilir. Qanunvericilikdə bununla bağlı məhdudiyyət yoxdur”
“Hazırda bizdə ödənişlər daha çox terminallar və onlayn formada həyata keçirilir. Belə hallarda ödəniş növbəti iş günü hesaba oturur. Banklar çox zaman bunu nəzərə alırlar”, - E.Kərimli deyib.