Rusiyadan göndərilən vəsaitlərdə kəskin azaldı - Nə baş verir?

İQTİSADİYYAT
21:25 / 27.06.2025
49

2025-ci ilin ilk rübündə Azərbaycana Rusiya Federasiyasından fiziki şəxslərin pul köçürmələrinin həcmi azalaraq 85 milyon 651 min ABŞ dolları təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 69 milyon 725 min ABŞ dolları və ya 44,9% azalıb.

Xatırlatma üçün bildirək ki, 2024-cü ilin ilk rübündə Azərbaycana Rusiyadan köçürülmüş fiziki şəxslərin pul köçürmələrinin həcmi 155 milyon 376 min ABŞ dolları olub.

Hesabat ilində Azərbaycana ümumi pul köçürmələrində Rusiyanın payı 37,3% təşkil edib. 2024-cü ilin ilk rübündə isə bu göstərici 52,8% idi.

Azalma nə ilə bağlıdır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, azalmanın səbəbi bəllidir:

“Rusiyanın iqtisadi və sosial həyatında hazırda ciddi problemlər yaşanır. Bu səbəbdən də oradakı azərbaycanlılar da daha əvvəlki kimi qazana bilmirlər. Üstəlik valyuta çıxışı imkanları məhduddur. Son bir-iki ayda rubl möhkəmlənib. Amma ilin əvvəlində rubl bu qədər möhkəm deyildi. Bunun da azalmaya təsirləri var. 

Ümumiyyətlə, miqrantlara münasibət Rusiyada dəyişib.

İş yerlərinin tapılması çətinləşib. Bundan başqa Rusiyanın daxilində qeyri-nağd dövriyyə artıb. Bu da təsirsiz qalmır. Yəni göndərilən pulun azalmasının müxtəlif səbəbləri var. Təsadüfi deyil ki, azalma trendi 2020-2021-ci illərdən başlayıb. Rusiya-Ukrayna müharibəsinin başlaması ilə bu trend daha da dərinləşib. Ona görə də Rusiyadan gələn vəsaitin həcmi ilbəil azalır”.


 

0