Qızılın qiyməti bahalaşmağa davam edəcək? - İqtisadçı DANIŞDI

İQTİSADİYYAT
13:01 / 10.07.2025
73

"Son zamanlarda qızıl kifayət qədər bahalaşıb". 

Bu sözləri iqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib. 

O, qızılın qiymətinin artmasının səbəblərindən danışıb:

"Əlbəttə ki, qızılın bahalaşmasının səbəbləri var. Əgər həmin səbəblər qalacaq və sərtləşəcəksə, bahalaşma davam edəcək. Lakin bu səbəblər zəifləyəcək və ya aradan qaldırılsa, o zaman qızılın qiymətində ucuzlaşma ola bilər. 

Hazırda bununla bağlı heç kim dəqiq bir söz deyə bilməz. Əgər kimsə qızılın qiymətinin filan qədər olacağını konkret olaraq deyirsə, bilin ki, yalan danışır. Deməli, o insan qeyri-ciddidir. Çünki bu, indiki halda ancaq ehtimallara əsaslana bilər". 

377498

Ekspert qeyd edib ki, qızılın bir unsiyasının dəyəri bu il 3500-3600 dollar civarını görüb:

"İlin əvvəlində proqnozlar qızılın unsiyasının qiymətinin 3500 dollara çatacağı idi. Ancaq apreldə bu səviyyəyə çatdıqdan sonra proqnozlar 3700 dollaradək artırıldı. Hərçənd ki, sonra qızılın qiymət 3250-3350 dollar aralığına düşdü". 

Xalid Kərimlinin sözlərinə görə, qızılın bahalaşması əsasən geosiyasi gərginliklərlə bağlıdır:

"Yaxın Şərqdəki müharibə riskləri, Rusiya-Ukrayna müharibəsinin şiddətlənmə ehtimalı, ABŞ-Çin və ABŞ-dünya ticarət münaqişələri buna birbaşa təsir edir. Daha dəqiq desək, bunların hamısı gərginliyi və qeyri-müəyyənliyi artır. Nəzərə almaq lazımdır ki, qızıl aktiv kimi qeyri-müəyyənlik artanda bahalaşır".

İqtisadçının sözlərinə görə, bu gərginliklər artarsa, ilin sonuna qədər qızılın qiymətinin 3700-4000 dollara qalxması mümkündür:

"Əgər gərginlik azalsa, qiymətin 3200-dən də aşağı düşmək ehtimalı var. Amma yenə də bu, ehtimallara əsaslanır. Bu, bir çox faktordan asılıdır. Ümumilikdə 2025-ci ildə də qızılın yüksək qiymətlərdə qalacağı gözlənilir. Hazırkı qiymətlər artıq çox yüksəkdir.

Bundan başqa, siyasi, hərbi və iqtisadi vəziyyət, habelə dolların məzənnəsi, ABŞ-nin Federal Ehtiyat Sisteminin (FED) və Avropa banklarının faiz siyasəti kimi bir çox faktor qızılın qiymətinə təsir göstərir. Ona görə də bu barədə birmənalı proqnoz vermək doğru deyil". 

Pərviz

0