İqtisadçı: "Qanuna dəyişikliklər edilməlidir"

İQTİSADİYYAT
12:53 / 11.07.2025
78

"Qiymətləndirmə fəaliyyəti haqqında" qanun yeni qəbul olunsa da, bu sahədə ciddi islahatlara ehtiyac var. Nəzərə alsaq ki, Azərbaycanda qəbul edilən bir çox qanunlara sonradan dəyişikliklər edilib, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna da düzəlişlər edilməsi labüddür”.

Belə bir təşəbbüslə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Oruc çıxış edib.

O, hesab edir ki, əsas dəyişiklik qiymətləndirmə istiqamətləri ilə bağlı olmalıdır: 

“2023-cü ilin sonunda qəbul edilən yeni qanunda göstərilir ki, qiymətləndirmə fəaliyyəti 9 istiqamət üzrə həyata keçirilir. Müəssisələrin, daşınar əmlakın, daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin, daşınar və daşınmaz mədəni irs nümunələrinin, mədəni sərvətlərin, tarix, mədəniyyət və təbiət abidələrinin, qeyri-maddi əmlak nemətlərinin və qiymətli kağızlarının, kreditor borcların və digər öhdəliklərin, təbii sərvətlər, dəymiş zərərin, əldən çıxmış mənfəətin və risklərin, xidmətlərin qiymətləndirilməsi bu qəbildəndir. Qanun qəbul edilərkən təklif etdik ki, qiymətləndirmə istiqamətləri optimallaşdırılsın. Bu gün də təklifimiz qüvvədədir və hesab edirəm ki, qanuna yenidən baxmağın zamanıdır. Təsəvvür edin ki, müəssisənin qiymətləndirilməsi üzrə şəhadətnamə alan qiymətləndirici başqa sahələrdə qiymətləndirmə apara bilməz. Hansı ki, misal üçün, müəssisəni qiymətləndirən qiymətləndirici həm də aktivləri qiymətləndirməlidir. Aktivlərin içərisində daşınar və daşınmaz əmlak da qiymətləndirir. Müəssisə qiymətləndirən qiymətləndirici digər 5 sahəni də qiymətləndirə bilər, çünki həmin sahələr müəssisənin maliyyə hesabatının tərkib hissəsi ilə birbaşa əlaqəlidir. Yaxud, daşınar və daşınmaz əmlakların qiymətləndirmələri bir-birinə yaxın sahələrdir. Bu istiqamətlərdən birində fəaliyyət göstərən qiymətləndirici digərində də eyni səviyyədə öz xidmətini göstərə bilər. Siyahını uzatmaq da olar. Bu səbəbdən qiymətləndirmə istiqamətləri birləşdirilməli, onların sayı 9-dan 3 və ya 4 həddinə endirilməlidir. Qonşu dövlətlərdə və beynəlxalq təcrübədə istiqamətlərdən çox, peşəkarlıq səviyyəsinə görə bölgülər aparılır”.

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən peşə ixtisas imtahanlarına münasibət bildirən AQC sədri artıq 5 imtahanın keçirildiyini və Qanunda nəzərdə tutulan 6-ci imtahanın 17 iyulda keçiriləcəyini bildirib. Vüqar Oruc bu müddət ərzində suallar toplusunun nəşr olunmamasını və bunun da iştirakçılar üçün problem yaratdığını vurğulayıb. “Qarşıda növbəti imtahanlara qədər 6 ay müddət fasilə olacaq. DİM bu müddətdən istifadə etməli, UNEC, Azərbaycan Qiymətləndiricilər Palatası və AQC mütəxəssislərini cəlb etməklə suallar toplusunun formalaşdırılmasını həyata keçirsə, sektorumuza çox ciddi dəstək vermiş olar", deyə sədr bildirib.

İqtisadçı ekspertin daha bir təklifi isə qiymətləndirmə, maliyyə-mühasibat və audit sahələrinə nəzarəti təmin edəcək strukturun yaradılması ilə bağlıdır: 

“Bu gün Azərbaycanda Qiymətləndiricilər Palatası və Auditorlar Palatası fəaliyyət göstərir. Mövcud qanunvericiliyə uyğun olaraq bu palatalar sektorda tənzimləmə siyasətini həyata keçirirlər. Fəaliyyətləri isə müstəqildir və rəhbər heyətləri sektor təmsilçiləri tərəfindən formalaşdırılır. Bu, əslində doğru yanaşmadır. Lakin tam şəkildə müstəqillik bəzən müəyyən problemlərə və bazara müdaxilə cəhdlərinə yol açır. Problem bununla bitmir. Bu üç yaxın və əlaqəli sahələr çox zaman öz daxili sərhədlərinə uyğun fəaliyyət göstərməyən mütəxəssislərin səhvləri nəticəsində maliyyə-hesabat fəaliyyətinin qanuni və obyektiv təşkil edilməsinə əngəl yaradır. Audit və qiymətləndirmə fəaliyyəti eyni mütəxəssis və ya şirkət tərəfindən aparıla bilməz. Digər tərəfdən mühasibat fəaliyyətinin inkişafı məqsədilə tənzimləyici qurumun yaradılması məqsədəuyğun olar. Sözügedən istiqamətdə peşəkar birliklər mövcud olsa da, onların bazar iştirakçılarının fəaliyyənə inzibati təsir imkanları yoxdur. Bu baxımdan Maliyyə Nazirliyinin nəzdində qiymətləndirmə, maliyyə-mühasibat və audit sektorunun tənzimləməsinə nəzarəti həyata keçirəcək strukturun yaradılmasına da xüsusi ehtiyac var", deyə Vüqar Oruc bildirib.

O, əlavə edib ki, bununla bağlı təklifləri Prezident Adminstrasiyasına, Milli Məclisə və müvafiq dövlət qurumlarına göndərməyi, məsələ ilə əlaqədar Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komissiyasına da görüş üçün müraciət etməyi nəzərdə tuturlar.

0