"Qarabağ kənd təsərrüfatına ciddi töhfə verəcək" - EKSPERT

İQTİSADİYYAT
11:18 / 14.07.2025
55

"İşğaldan azad olunmuş ərazilərimizdə kənd təsərrüfatını inkişaf etdirmək olar". 

Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib. 

O, bunun üçün hər cür şəraitin olduğunu bildirib:

"Xüsusilə Kəlbəcər, Laçın və Zəngilanda kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün münbit şərait var. Məsələn, Sovet dövründə Zəngilanda üzümçülüklə geniş şəkildə məşğul olunurdu. 

Hesab edirəm ki, orada yenə də bununla məşğul olmaq mümkündür. Üstəlik, bu, çox yaxşı seçim olar. Tövsiyə edərdim ki, fermerlər Zəngilanda narçılıqla da məşğul olsunlar. Çünki Zəngilan torpağı narçılıq üçün çox mühüm əhəmiyyət kəsb edir". 

377706

Ekspert digər nümunələr də verib:

"Məsələn, Qubadlı torpağı tütünçülük üçün çox münbitdir. Laçın isə paxlalı bitkilər üçün əlverişlidir. Ümumiyyətlə, Laçın torpağı geniş profillidir. Yəni orada çox sayda bitki yetişdirmək olar".

Mütəxəssis Kəlbəcər üçün isə bunları söyləyib:

"Düzdür, Kəlbəcərdə əkin-biçin üçün yer azdır. Ora əsasən dağlıq ərazilərdən ibarətdir. Buna baxmayaraq, meyvəçiliyi o istiqamətdə daha çox inkişaf etdirmək olar. 

Məncə, Qarabağda mərkəzləşmiş bir konserv zavodunun açılması da məqsədəuyğundur. Mərkəzləşmiş baza yaradıb, meyvə-tərəvəzi depolar vasitəsilə konservləşdirmək, sonra isə xarici ölkələrə ixrac etmək olar".

Rəhman Quliyev sözlərini belə yekunlaşdırıb:

"Bundan başqa, Ağdam, Xocalı və Ağdərə istiqamətində də tərəvəzçilik üçün geniş imkanlar var. Həmin ərazilər Sovet dövründə bu aspektdən inkişaf etmişdi. 

Nəzərə almaq lazımdır ki, bu istiqamətdə tərəvəz becərilməsi üçün münbit torpaqlar mövcuddur. Fikrimcə, adıçəkilən ərazilərdə tərəvəzləri açıq havada və ya istixana şəraitində yetişdirmək olar. Yəni Qarabağ ölkəmizin kənd təsərrüfatına ciddi töhfə verəcək". 

Pərviz
 

0