Avro bu səbəblərə görə bahalaşa bilər: İqtisadçıdan PROQNOZ

İQTİSADİYYAT
11:20 / 16.07.2025
90

Son zamanlarda avronun bahalaşacağı ilə bağlı iddialar səngimək bilmir. 

Üstəlik, bu iddialar sadəcə ölkəmizdə deyil, dünyada da geniş şəkildə müzakirə olunur. Belə ki, çox sayda ölkədə avronun yaxın perspektivdə bahalaşacağı ilə bağlı söz-söhbətlər yayılıb.

Bəs bütün bunlar nə dərəcədə doğrudur? Həqiqətən avronun bahalaşması gözlənilir? 

Mövzu ilə bağlı iqtisadçı ekspert Elçin Rəşidov Hit.az-a açıqlama verib. O bildirib ki, avro Avropa Mərkəzi Bankı tərəfindən idarə olunan bir valyuta olduğu üçün qiyməti onun monetar siyasətindən asılıdır:

"Avropa Mərkəzi Bankı faiz dərəcələrini daha ehtiyatla azaldır. Yəni avronu dollara nisbətən yüksək saxlamağa çalışır. Bu da avronu dollara nisbətən daha cəlbedici edir. Cəlbedici valyuta isə hər zaman baha olur. Faiz dərəcələri yüksək olduğu üçün də investorlar avroya daha çox pul qoyurlar. 

Federal Ehtiyatlar Sisteminin (FED) isə daha çox faiz endirimi edəcəyi gözlənilir. Bu da dolların zəifləmə ehtimalını yaradır. Ona görə də investorlar pullarının bir hissəsini dollardan çıxararaq avroya qoyurlar. Avronun bahalaşacağı iddialarının ən vacib səbəbi budur". 

377854

Ekspert qeyd edib ki, iqtisadiyyatlarında canlanma gözlənilən ölkələrin valyutaları da güclənir:

"Avro məkanın ən böyük iqtisadiyyatları da Almaniya və Fransadır. Son zamanlarda avrozonada ciddi durğunluq var idi. Ancaq bu durğunluğun geridə qalacağı proqnozlaşdırılır. Bu da öz növbəsində investorların avroya olan inamını artırır. Ümumiyyətlə, valyutaların qiymətləri gözləntilərdən formalaşır. 

Həmçinin, ölkələrin ticarət balansı da valyutaların məzənnələrinə təsir edir. Ticarət balansı müsbətə doğru dəyişəndə valyuta güclənir, əksi olanda isə zəifləyir. Avrozona ölkələrində əvvəlki illərə nisbətən idxalın artıb, ixracın azalması xaricdən avroya olan tələbatı yüksəldir". 

İqtisadçı diqqətə çatdırıb ki, valyutanın məzənnəsinə təsir edən amillərdən biri də risklərdir:

"Gələcəyə qarşı qeyri-müəyyənliklər böyük olduqca, həmin valyutaya ilə qoyulan investisiyalar azalır. Spekulyasiyalar da valyutaların qiymətinə təsir edir. Adətən kiçik valyutalarda spekulyasiyalar özünü daha ciddi şəkildə göstərə bilir.

Hesab edirəm ki, avronun bahalaşma ehtimalı var. Bu barədə iddialar əsaslıdır. İnvestorlar da buna uyğun reaksiya verirlər. Bütün bunların fonunda isə sadaladığım ehtimalları səsləndirmək mümkündür. Lakin bütün proqnozların da ehtimallara əsaslandığını unutmaq olmaz". 

Pərviz

0